YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli varlığımızın təcəssümü

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri     

Dil bir xalqın varlığı, onun təqdimatıdır. Azərbaycan xalqının tarixin sınaqlarına sinə gərərək yaşamasında, zəngin tarixinin formalaşmasında önəmli rolu və xidmətləri olmuş böyük şəxsiyyətlərimiz ana dilimizi mənəvi Vətən kimi dəyərləndirmişlər. Dil, xalq və dövlət anlayışları bəşər tarixində önəmli yer tutduğu  kimi, qloballaşma dövründə də həmin dəyərini  qoruyub saxlamaqdadır.   Reallıq budur ki,  dil olmasa xalq, xalq olmasa dövlətlər bir-birindən fərqlənməzlər. Bir sözlə,  Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, xalqı xalq edən, milləti millət edən onun ana dilidir.

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”  sözləri ilə Vətən, xalq sevgisini ortaya qoyan Ulu Öndərin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək, Azərbaycan dilinə diqqət və qayğının öndə dayandığını görərik. Onun imzaladığı fərman və sərəncamlar, rəhbərliyi əsasında  işlənib hazırlanan və qəbul edilən qanunlar ədəbi dilimizin fəaliyyət imkanlarını daha da  genişləndirmiş, dil mədəniyyətimizin qarşısında  yeni üfüqlər açmışdır. “Xalqları dil qədər, milli mənəvi ənənələr, dəyərlər qədər birləşdirən  başqa vasitə yoxdur” söyləyən Ümummilli Lider bildirirdi ki,  milli-mənəvi dəyərlərimizin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən  asılı olmayaraq  hər kəsin vətəndaşlıq borcudur.

Dahi şəxsiyyət Heydər Əliyevin  “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”  fərmanları, eyni zamanda, qəbul olunan “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun, təsdiqlənən  “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və sair  kimi sənədlər  Azərbaycan dilinin təkmilləşdirilməsi istiqamətində  atdığı addımların davamlılığının nümayişidir. 

Bu mühüm məqamı da qeyd edək ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin  qorunması yönümündə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. O da məlumdur ki,  Prezident İlham Əliyevin  “Azərbaycan dilində latın qrafikası ilə  kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında  çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi və davamlı addımların nəticəsi olaraq  “Elektron dərslik”, “Elektron kitabxana” kimi  terminlərin yaranmasına yol açıldı. Dövlət başçısı  İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığının təsdiqidir. Bu sənəddən irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır”.