YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Reallıqları hər kəs qəbul etməlidir!

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

İyulun 21-də Prezident İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak etməsi ölkə rəhbərinin mətbuata, mətbuat nümayəndələrinə verdiyi yüksək qiymətin bariz nümunəsi  idi.

Dövlətimizin başçısına ünvanlanan suallar ölkəmizə marağın olduqca böyük olduğunu və bu marağın getdikcə artdığını bir daha göstərmiş oldu. Prezident İlham Əliyevin verilən suallara həmişəki kimi  əhatəli və faktlara əsaslanmış cavabları ilə Azərbaycanın tam müstəqil dövlət olduğunu və müstəqil siyasət həyata keçirdiyini, ölkəmizin hər bir məsələyə dair prinsipial mövqeyi olduğunu  təsdiqləmiş oldu.

Bu gün beynəlxalq ictimaiyyəti maraqlandıran ən aktual məsələlərdən biri əlbəttə ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri və Cənubi Qafqazda gedən proseslərlə bağlıdır.

Prezident İlham Əliyev sualları cavablandırarkən çox ciddi məsələlərə toxundu və ən vacib məqamlardan biri dövlət başçımızın postmüharibə dövrü reallıqları ilə bağlı fikirləri oldu.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi, həmçinin tarixi Zəfərdən sonra real informasiyaların dünya ictimaiyyətinə çatdırılmasında medianın rolunu yüksək qiymətləndirərək qeyd etdi ki, “Mən hesab edirəm ki, bu gün Azərbaycan mediası bu istiqamətdə çox böyük işlər görür. Təbii ki, beynəlxalq hüququn, ərazi bütövlüyümüzün bərpası, bütün bunlar fundamental hüquqlardır və biz bu hüququ döyüş meydanında qazandıq, qan tökərək, şəhidlər verərək. Amma, eyni zamanda, Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur”.

Eyni zamanda, ölkə rəhbəri onu da əlavə etdi ki, “Mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir  hallarda üzə çıxır. Yəni, bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir”.

Şuşa Qlobal Media Forumu bizim ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir, deyən Prezident İlham Əliyev xatırlatdı  ki, “Şuşa  rəsmi olaraq Azərbaycanın Mədəniyyət Paytaxtı və bizim qələbəmizin rəmzidir. Şuşa, eyni zamanda, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı”.

“Biz unutmamalıyıq ki, ikinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökümətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq” söyləyən Prezident İlham Əliyev revanşist qüvvələrin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə mənfi təsirini hesablayır. Əlbəttə ki, bu təsir sadəcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın formalaşmasına təhdid törədən ciddi faktordur.

Dövlət başçısı ermənilərin Azərbaycan ərazisində uzun müddətdir ki, yaşadıqlarını, onların  kütləvi surətdə Qarabağa köçü XIX əsrin birinci yarısında başladığını xatırladaraq bildirdi ki,1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığı, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə isə Azərbaycanın digər xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır.

Qarabağın erməni əhalisinin inteqrasiyası ilə bağlı suala cavabında ölkə başçısı bildirib ki, “Azərbaycan multietnik, çoxdinli ölkədir. Bu da bizim sərvətimizdir, gücümüzdür. Bütün müxtəlif etnik qrupların, Azərbaycanda yaşayan qrupların nümayəndələri eyni hüquqlara malikdir, eyni öhdəlikləri var və onların təhlükəsizliyi eyni səviyyədə qorunur. Nə üçün hər hansı bir etnik qrup istisna olmalıdır və digərlərindən üstün olmalıdır? Mən bunu anlamıram. Yəni, bizim yanaşmamız budur. Biz hələ də ümid edirik ki, Xankəndidə yaşayan insanların sağlam düşüncəyə malik bir hissəsi dərk edəcək ki, bu yanaşmanın perspektivi yoxdur”.

Azad edilmiş ərazilərdə gedən quruculuq-bərpa işləri və Böyük Qayıdış Proqramının icrası barədə Prezident İlham Əliyevin verdiyi açıqlamalar xüsusi əhəmiyyət kəsb edir. Bu gün bütün dünya Azərbaycanın öz gücünə işğaldan azad etdiyi və indi də öz gücünə yenidən bərpasını həyata keçirdiyi ərazilərində gedən möhtəşəm işləri böyük diqqət və maraqla izləyir. Şuşa Qlobal Media Forumunun gedişində dövlət başçımıza ünvanlanan suallar da bu marağın kifayət qədər böyük olduğunu deməyə əsas verir. Quruculuq prosesinin nə qədər davam edəcəyi, keçmiş köçkün vətəndaşlarımızın hansı müddətdə tam olaraq öz dədə-baba yurdlarına qaytarılacaqları bu suallarda toxunulan əsas məqamlardan idi. Bütün bu suallara maksimum dərəcədə ətraflı cavab verən Prezident İlham Əliyev həm Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi, həm də Böyük Qayıdış Proqramının effektiv icrası ilə bağlı konkret faktlara əsaslanan açıqlamalar təqdim etdi.

Beləliklə, Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini, mövcud reallıqları, ölkəmizin müstəqil siyasət həyata keçirdiyini  növbəti dəfə dünyaya nümayiş etdirdi.