YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uzaq coğrafiyada yaxın əməkdaşlıq

Sevinc Qasımova

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycan həyata keçirdiyi uğurlu xarici siyasətlə özünü dünyada etibarlı tərəfdaş kimi tanıda bilib. Ölkəmiz, eyni zamanda, dünyanın müxtəlif qütblərini təmsil edən dövlətlərlə də uğurlu əməkdaşlıq qurub. Bu sırada, təbii olaraq, Çin də var.

Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri iki ölkə arasında əməkdaşlığın çərçivəsini yaratdı. Bugünkü ikitərəfli əlaqələrdə Azərbaycan və Çinin əldə etdiyi nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Bu fikirləri Prezident İlham Əliyev iyulun 22-də “China Global Television Network” televiziya kanalına verdiyi müsahibədə də xüsusi qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür.

“İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır” - , deyə Prezident müsahibədə bildirib.

Ölkə başçısı, həmçinin Azərbaycan və Çin arasında siyasi əlaqələri də qeyd edib, partiyalarımız arasında olan təmasların xüsusi əməkdaşlıq formatını yaratdığını söyləyib:

“Azərbaycan və Çin arasında ikitərəfli əlaqələrin inkişafında yekdil siyasətimiz var. COVID-19 başlayanda peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşəndə ölkəmizə yardım edən yeganə ölkə Çin oldu”.

İnkişafımızın hədəflərindən birinin regional bağlantı mərkəzinə çevrilmək olduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın coğrafi üstünlüklərə malik olduğunu deyib. Dövlət başçısı ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşdiyini, buna görə, nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlandığını xüsusi vurğulayıb.

Prezident İlham Əliyevin “China Global Television Network” televiziya kanalına müsahibəsində toxunduğu məqamlara əsasən, qeyd edə bilərik ki, Azərbaycan və Çin arasındakı münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Bu xarici siyasət xətti Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra daha da gücləndirilib. İkitərəfli münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçıları İlham Əliyev və Si Cinpin arasındakı dostluq əlaqələrinin əhəmiyyətli rolu var. Məhz buna görə, Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırır.