YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafın Azərbaycan modeli

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi bütün dövrlər üçün aktuallığını qoruyur. Prezident İlham Əliyevin son 20 ilə yaxın dövrdə irəli sürdüyü əsas hədəflər sırasında qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi əsas yer tutur.  Azərbaycan son illərdə iqtisadiyyatın bütün sahələrinin inkişaf etdiyi ölkəyə çevrilib. İqtisadiyyatın bir çox sahələrində olduğu kimi, turizm sahəsində də əldə olunan uğurlu nəticələr rəqəmlərdə öz əksini tapıb.  Azərbaycan turizm baxımdan kifayət qədər geniş perspektivlərə malik olan ölkə kimi dəyərləndirilir.  Ərazisinin nisbətən kiçikliyinə baxmayaraq, turizmin inkişafı üçün kifayət qədər təbii ehtiyatlara, maddi-texniki bazaya və tarixən formalaşmış mədəni irsə malik olması Azərbaycanı potensial turizm ölkəsinə çevirə biləcək amillər hesab olunur. Əlbəttə ki, bunlarla yanaşı, bu sahədə dövlət dəstəyi əsas məsələlərdən biri kimi qiymətləndirilir.

Azərbaycana turizm axınının sürətlənməsində mühüm rol oynayan faktorlardan biri Azərbaycanın beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınması və nüfuz qazanmasıdır. Ölkəmizə gələnturistlər gördükləri mənzərədən heyrətlərini gizlətmirlər. Sabitliyin və normal iqtisadi mühitin mövcudluğu ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasında əhəmiyyətli rol oynayır. Bir mühüm məqamı da qeyd edək ki, hazırda işğaldan azad edilmiş ərazilərimizin malik olduğu imkanlardan gələcəkdə səmərəli istifadə məqsədilə müəyyənləşdirilən prioritetlərə uyğun olaraq mühüm addımlar atılır. Bu ərazilərimizin böyük turizm imkanlarına malik olması gələcəkdə bu torpaqların turizm mərkəzlərinə çevriləcəyinə əsaslar yaradır. Ümumiyyətlə, ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın inkişafını daim bir möcüzə kimi dəyərləndirirlər.  Bu baxımdan ki, Azərbaycana ilk dəfə səfər edən xarici qonaqlar növbəti səfərlərində tamamilə fərqli mənzərəni gördüklərini böyük sevinci hissi ilə paylaşırlar. Bu reallığı xüsusi vurğulamalıyıq ki, ölkələrin turizm imkanlarına malik olması əsas şərt olsa da, onlardan səmərəli istifadəni təmin etmək üçün atılan addımlar daha vacibdir. Bu isə öz növbəsində dövlət siyasətinin düzgün istiqamətləndirilməsini bir tələb kimi qarşıya qoyur. Azərbaycanın son illərdə iqtisadiyyatın şaxələndirilməsi yönümündə atdığı addımlar beynəlxalq aləmdə, o cümlədən reytinq cədvəllərində yüksək dəyərləndirilir. Neft siyasətinin məntiqi nəticəsi olan qeyri-neft sektorunun inkişafının qarşıya əsas hədəf kimi qoyulması bölgələrin malik olduğu potensialdan səmərəli istifadəni təmin etmək üçün regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının təsdiqini və uğurlu icrasını bir çağırışa çevirdi. 

Məhz bu uğurlarımıza söykənərək Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində müxbirin “Azərbaycan sıravi çinlilərə görə uzaq, lakin sirli ölkədir. Mən burada ölkə Prezidenti ilə əyləşmişəm. İcazə verin soruşum: Siz proqramımızın çinli tamaşaçılarına söyləyə bilərsinizmi nəyə görə onlar Azərbaycanı növbəti turizm məkanı kimi seçməlidirlər” sualına cavab olaraq böyük qürur hissi ilə qeyd etmişdir ki, birincisi, insanlarımız çox mehriban və qonaqpərvərdirlər. İkincisi, bizim çox müasir hotel infrastrukturumuz var. Rəngarəng təbiətimiz var: “Ölkədə doqquz iqlim qurşağı var. Ölkənin ərazisi o qədər böyük deyil, siz qatarla, avtomobillə və yaxud ən uzağı təyyarə ilə asanca qət edə bilərsiniz. Yol infrastrukturu ən yaxşılar sırasındadır. Mətbəx, fikrimcə, ən yaxşılar sırasındadır”. Prezident İlham Əliyev onu da əlavə etdi ki, hava çox yaxşıdır. Dağlarda xizək sürə bilərsiniz. Xəzər dənizində üzə bilərsiniz. Velosipedlə dağlara çıxmaq, palçıq vulkanlarını görmək, Qarabağın dağlarına və meşələrinə getmək olar. Göl və çaylarımız var. Həmçinin düşünürəm ki, çinli turistlər görəcəklər ki, Azərbaycan xalqının Çinə böyük rəğbəti var. Onlar ölkənizi tanıyır, dost olduğumuzu bilirlər. Ona görə də çinlilər özlərini öz evindəki kimi hiss edəcəklər.

Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurların təbliğində mühüm rol oynayır. Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini təqdim etməklə səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin əməkdaşlığın dərinləşdirilməsində rolunu xüsusi önə çəkir.