YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın nəqliyyat infrastrukturu beynəlxalq standartlara cavab verir

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsi bu gün mühüm məqamları ilə ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Dövlət başçısı əsaslı şəkildə Azərbaycan-Çin münasibətlərinin hazırkı inkişaf səviyyəsinə diqqət yönəltdi. Qeyd edildi ki, bu gün iki dövlət arasında əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.

Dövlət başçısı İlham Əliyev müsahibəsində müxbirin Ulu Öndər Heydər Əliyevin təkcə müasir Azərbaycanın qurucusu deyil, Çin-Azərbaycan dostluğunun təməlini qoyan şəxs olması ilə bağlı fikrinə münasibətinə onu da əlavə etdi ki, Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir.

Çinin təşəbbüskarı olduğu “Bir kəmər-bir yol” layihəsini ilk dəstəkləyənlər arasında ölkəmizin də olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq tranzit imkanlarını dünyaya təqdim etdiyini və bunun üçün kifayət qədər əsaslı infrastrukturu olduğunu diqqətə çatdırdı.

Reallıq budur ki, inkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Azərbaycanın coğrafi üstünlükləri məlumdur.  Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, coğrafiyadan istifadə edilmirdi. “Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə böyük sərmayə yatırıldı.  Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurulmağa başlanıldı. Mühüm tranzit ölkəsi olmaq arzusunda idik. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu isə Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi.

Bu reallıq inkaredilməzdir ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsinə qoşularkən artıq böyük infrastruktura malik idi. Azərbaycanın tranzit imkanları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da geniş təqdir edilir. Təkmilləşməyə, yeniləşməyə böyük maraq göstərən ölkəmiz daim infrastrukturu yeniləşdirir.  Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır. Bu gün Azərbaycanın nəqliyyat infrastrukturu artıq yüksək beynəlxalq standartlara cavab verir. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Azərbaycan Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bir sözlə, qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir.

Prezident İlham Əliyevin sözügedən müsahibəsi Azərbaycanın xarici siyasət uğurlarının təqdimatında əhəmiyyətli rol oynayır. Regional əməkdaşlığın, həmçinin beynəlxalq əlaqələrin coğrafiyasının genişləndirilməsində maraqlı olan ölkəmizin xarici siyasətinin prinsiplərinin dəyyişməzliyi fonunda qazanılan uğurların miqyası daha da artır. Tarixi Zəfərimizdən sonra günümüzün əsas məsələsi olan Zəngəzur dəhlizinin açılması ölkəmizin tranzit imkanlarının genişlənməsində öz sözünü deyəcək. Avropanı Asiya ilə birləşdirən ən qısa yol kimi dəyərləndirilən Zəngəzur dəhlizi tərəfdaş ölkələrin yükdaşıma problemlərinin həllində önəmli rol oynayacaq və bölgədə əməkdaşlığın genişlənməsi imkanları artacaq.