YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir çağırış ölkəmizin, regionun gələcəyinə xidmət edir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində yer alan çağırışlar geniş müzakirə olunmaqdadır. Dövlət başçısı bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsi ilə bağlı hazırkı vəziyyət barədə geniş məlumat verdi. 

Prezident “Ermənistan-Azərbaycan münasibətlərinə gəldikdə, bilirik ki, atəşkəs mövcuddur, lakin vəziyyət mürəkkəb olaraq qalır. Əvvəlki hadisələrin hamısını nəzərə alaraq, cənab Prezident, Siz sülh müqaviləsi haqqında nə düşünürsünüz? Onu nə vaxt gözləmək olar? Əgər olarsa, o, necə olacaq” sualına cavabında bildirmişdir ki, ona ən yaxın gələcəkdə nail olmaq olar. Çünki Ermənistan nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bunu rəsmən ötən ilin oktyabrında bəyan etdi. Həmçinin Azərbaycan tələb etdi ki, Qarabağı Azərbaycanın hissəsi kimi tanıdıqlarını qeyd etsinlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar. Dövlət başçısı İlham Əliyev bildirir: “Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır”.

İkinci Qarabağ müharibəsi bitdikdən sonra sülh müqaviləsi ilə bağlı mövqeyimiz həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir. Sülh müqaviləsi beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edir. “Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, bundan sonra razılaşma əldə oluna bilər. Əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik: “Bu, həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar”.

Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycandakı erməni azlığın hüquq və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacağı bəyan edilib.

Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı  töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanıb. Ölkəmizdə müxtəlif xalqların, millətlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Ölkəmizdə dini və ya etnik zəmində heç zaman hər hansı problem olmayıb.  Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar. Bu, tam şəkildə beynəlxalq hüququn normalarına uyğundur. Ölkəmizin bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilir.

Sülh müqaviləsinin imzalanması ilə regionda dayanıqlı inkişafa, yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar yaradılacaq. Kommunikasiyaların açılması bu əlaqələrin möhkəmlənməsində öz sözünü deyəcək. Prezident İlham Əliyevin müsahibələrinin hər biri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlarla zəngindir. Ümumilikdə hər bir çağırış ölkəmizin, regionun gələcəyinə xidmət edir.