YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər yerdə bir Azərbaycan elementi var

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri      

Prezident İlham Əliyevin hər bir müsahibəsi inkişaf modeli nümunə olan Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsi diqqətçəkəndir. Azərbaycanın bütün sahələrdə qazandığı uğurlardan bəhs edən Prezident İlham Əliyev ölkəmizin şəhərsalma təcrübəsini xüsusi qeyd etdi. Müxbir ilk olaraq ölkəmizin və paytaxt Bakının nə dərəcədə müasir olmasının yaratdığı təəssüratdan bəhs edərək belə bir fikri səsləndirdi ki, getdiyimiz hər yerdə bir Azərbaycan elementi var. Bu diqqətə görə təşəkkürünü bildirən dövlət başçısı İlham Əliyev bildirdi ki, şəhərlərimizin əsl orijinallığını, nailiyyətlərini qoruyub saxlayırıq. Eyni zamanda, ölkəmizi müasirləşdiririk: “Bakıda gördükləriniz müasirliklə ənənələrin qovuşmasıdır və hesab edirəm ki, onlar bir-birinə qarşı çıxmır, bir-birinə zidd deyil. Bu, məqsədyönlü şəkildə edilib, çünki Bakı kimi tarixi şəhərdə ilk məqsəd tariximizi və memarlıq abidələrini qorumaqdır. Eyni zamanda, şəhərə inkişaf etmək imkanı verilməlidir. Bakıda hər iki məqamı duya bilərsiniz. Zənnimcə, bu, həqiqətən mühüm nailiyyətdir və bunu qeyd etdiyinizə görə sağ olun”. Müxbirin Bakının səfər etdiyi heç bir şəhərə bənzəmədiyini bildirməsi bir daha Azərbaycanın şəhərsalma təcrübəsinin nə qədər diqqətçəkən, maraqlı, xoş təəsüratlara stimul verən olduğunu təsdiqləyir.

Bu mühüm məqamı da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin ötən il Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxışı, həmçinin Azərbaycanın “Milli Şəhərsalma Forumu”na ev sahibliyi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olduğunu təsdiqləyir. Ölkəmizə səfər edən qonaqların hər biri bu reallığı qeyd edirlər ki, Bakı müasirliklə qədimliyin sintezini yaradır. Azərbaycan ənənələri olan ölkədir.

 Bu gün işğaldan azad edilmiş ərazilərimizin bərpasında da Azərbaycanın şəhərsalma təcrübəsinin nümunə olan elementlərini görürük. Şəhərlərin Baş planları təsdiq edilib. Şəhər və kəndlərimiz müasirliyin təqdimatı olan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində yenidən qurulur, bərpa edilir. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd”, Ağdam şəhəri isə ilk “ağıllı şəhər” olacaq.  Prezident İlham Əliyev ilk gündən bu torpaqlarda bütün yeniliklərin öz əksini tapmasının vacibliyini bildirib.  Prezidentin çıxışlarında bu məqam da xüsusi qeyd edilir ki,  Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik.

Paytaxt Bakımız füsunkar gözəlliyi ilə daim dünyanın diqqətindədir. Ölkəmizə gələn qonaqlar, turistlər bu gözəllikdən təəccüblərini gizlətmirlər. Onu da qeyd edək ki, Bakı şəhəri dünyanın ən yaşamalı şəhərlərinin reytinq cədvəlində yer alır. Təbii ki, bütün bu uğurlarımızın əsasında Azərbaycanın düşünülmüş siyasəti və bunun nəticəsi olaraq ölkəmizin iqtisadi imkanları dayanır. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların, eyni zamanda, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası inkişafa geniş imkanlar yaradır. Hazırda paytaxt Bakı ilə bölgələr arasında fərqin aradan götürülməsi də ölkəmizin şəhərsalma təcrübəsinin uğurlu nəticələrindəndir.

Azərbaycan turizm ölkəsidir. Ölkəmizin turizm inkanları artır. Tezliklə Qarabağ və Şərqi Zəngəzur böyük turizm məkanına çevriləcək. Bütün bunlar qalib Azərbaycanın dünyaya təqdimatında öz sözünü deyir. Bakı gözəlliklər şəhəri, müasirliyin və qədimliyin vəhdətidir.