YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün

Yevlax rayonunda YAP Yevlax rayon təşkilatının və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Respublikamızda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 54-cü ildönümü və YAP Yevlax rayon təşkilatının yaranmasının 30 illik yubileyi münasibətilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev qeyd edib ki, müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır: “1969-1982-ci illəri haqlı olaraq Azərbaycanın intibah dövrü adlandırmaq olar. Ulu öndərin Azərbaycanda rəhbər seçilməsi xalqımızın tarixi və taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu tarixdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.”

Tədbirdə çıxış edənlər Milli Məclisin deputatı İlham Məmmədov,  Rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, Yevlax rayon Xaldan kənd sakini, Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri olmuş, təqaüddə olan müəllim Mahnigar Mustafayeva vurğulayıblar ki, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.

YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov Ümummili Lider Heydər Əliyevin böyük tarixi şəxsiyyətindən, uzaqgörən siyasətindən və Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ali rəhbərliyi ölkəmizin son 20 ildə əldə etdiyi saysız-hesabsız uğurlardan geniş bəhs edən məruzə ilə çıxış edib. Qeyd edilib ki,YAP Yevlax rayon təşkilatı 30 ildir səmərəli fəaliyyətini davam etdirərək, bu gün də Ulu Öndərin siyasi irsinin, Prezident İlham Əliyevin bənzərsiz siyasətinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəcib və xeyirxah fəaliyyətinin, Vətən müharibəsi Zəfəri, suverenlik, gender bərabərliyi və digər milli mövzuların təbliğ olunması istiqamətində şərəfli missiyanı layiqincə yerinə yetirir.

Sonda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və YAP Yevlax rayon təşkilatının yaranmasının 30-cu ildönümü münasibətilə bir qrup YAP üzvü Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının fəxri fərmanları ilə təltif edilib.