YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərəqqiyə və sülhə hesablanmış təşəbbüslər

“Bu gün dünyada hökm sürən qeyri-sabit proseslər fonunda ölkəmiz dünya dövlətləri ilə əlaqələri genişləndirməklə yanaşı beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq edir, inkşafa, tərəqqiyə və sülhə hesablanmış təşəbbüslər irəli sürür. Belə təşkilatlardan biri də BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatıdır. 

Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürmüşdür ki, bu müddət ərzində də təşkilatın fəaliyyətində çox böyük və görünməmiş canlanma müşahidə olunmuşdur. Ölkəmizin Qoşulmama Hərəkatındakı səmərəli və faydalı fəaliyyətinin nəticəsidir ki, təşkilata üzv dövlətlərin yekdilliklə səs verməsi nəticəsində Azərbaycanın 2019-2022-ci illərdə quruma sədrlik etməsi barədə qərar qəbul olunmuşdur. Eyni zamanda, təşkilata 120 üzv ölkənin yenidən yekdilliklə səsverməsi ilə Azərbaycanın sədrlik müddəti 2023- cü ilin sonuna qədər uzadılmışdır.” Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlərin görüşü keçirildi. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi. Azərbaycan Prezidenti ölkəmizin sədrliyi müddəti ərzində qazandığı nailiyyətləri və  “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruduğunu diqqətə çatdırdı. Daha sonra dövlətimizin başçısı Azərbaycanın əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərdiyini, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verdiyini, həmçinin beş ölkəni peyvəndlə təmin etdiyini qeyd etdi. Əlbətdə bütüb bunlar Azərbaycanın ədalətli və humanist dövlət olmasının bariz sübutudur.

Prezident İlham Əliyev çıxışında neokolonializm haqqında danışaraq bildirdi ki, neokolonializmi davam etdirən ölkələrdən biri də Fransadır. Azərbaycan Prezidenti Fransanın qanlı müstəmləkə cinayətləri və soyqırımları haqqında ətraflı məlumat verərək bildirdi ki, bütün bunlara görə Fransa Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya və digər ölkələrdən üzr istəməlidir. Bəli, dünyanın 50-dən artıq ölkəsində qırğınlar törətmiş, sərvətini talamış və ən əsası terror dövlət olan Ermənistanı dəstəkləyən, ona bacılıq edən Fransa demokratiyaya qara ləkədir.

Ali Baş Komandan İlham Əliyev çıxışında Ermənistanın işğal, talançılıq və vandalizm siyasəti haqqında məlumat verərək bildirdi ki,  Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir.

Altmış min hektar meşəliyin məhv edildiyini, işğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-nin dağıdıldığını, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edildiyini vurğulayan dövlətimizin başçısı bunun da bütün dünya müsəlmanlarına qarşı təhqir olduğunu bildirdi. Azərbaycan Prezidenti İlham Əliyev  tarixi reallıqlara söykənən çıxışı ilə növbəti dəfə Ermənistanı və onun terror siyasətini ifşa etdi.