YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq etimad göstəricisi...

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başladığı 2019-cu ildən təşkilatın dünyada nüfuzunun daha da artmasında önəmli rol oynamışdır. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın ali məqsədi hər zaman ədaləti və beynəlxalq hüququ müdafiə etmək olub. Dünyada pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən də məhz Qoşulmama Hərəkatı olmuşdu. Təşkilata sədrlik edən ölkə olaraq Azərbaycan dünya ölkələrini iflic vəziyyətə sala biləcək özünəqapanma tendensiyasına qarşı çıxmış və 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınmış və bir müddət sonra Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün məhz həmin məlumat bazasına istinad etmişdir. Azərbaycanın irəli sürdüyü daha bir mühüm təşəbbüs BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi ilə bağlı oldu ki, bu təklif də BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. 2020-ci ilin dekabr ayında xüsusi sessiya keçirildi və 70-dən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu tədbirdə Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edildi. Təşkilat bütün ölkələr üçün peyvəndlərin ədalətli bölgüsünü və əlçatanlığını təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Əlbəttə ki, pandemiya dövründə Azərbaycanın bilavasitə özünün koronovirusla bağlı digər ölkələrə etdiyi yardımlar da xüsusi əhəmiyyət kəsb edib. Belə ki, həmin dövrdə Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib. Cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilmiş “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə iştirak edən Prezident İlham Əliyev öz çıxışında bir daha qeyd etdi ki,  Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürməsi və yenidən yekdil qərarla sədrliyimizin daha bir il uzadılması ölkəmizə göstərilən yüksək beynəlxalq etimadın rəmzidir.

Həmçinin dövlətimizin başçısı öz çıxışında multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatının yenidən formalaşan dünya nizamında öz layiqli yerini tapmalı olduğunu vurğuladı. Həqiqətən də güc amilinin getdikcə daha çox önə çıxdığı müasir dünyamızda Qoşulmama Hərəkatı öz üzvlərinin maraqlarını müdafiə etmək üçün, eləcə də dünyada sülhü və ədaləti qoruya bilmək üçün “Bandunq prinsipləri” ətrafında daha möhkəm dayanmalı, habelə suverenliyin, ərazi bütövlüyünün pozulması və ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı daha böyük qətiyyətlə çıxış etməlidir.

Əgər ötən əsrin 80-ci illərinə qədər dünya düzəninin qorunmasında, beynəlxalq münasibətlərin nizamlanmasında BMT həqiqətən də aparıcı rol oynaya bilirdisə, XXI əsrdə artıq bu vəziyyət kəskin şəkildə dəyişmişdir. Bu gün nə BMT, nə də digər beynəlxalq təşkilatlar artıq bəşəriyyətin gözləntilərinə cavab verə bilmirlər. Buna görə də ilk növbədə BMT Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsi vacibdir. Prezident İlham Əliyevin dediyi kimi, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.

Bu gün Avropada, xüsusilə Fransa, Danimarka, Niderland və İsveçdə müşahidə etdiyimiz neqativ hadisələr bu ölkələrdə qatı irqçiliyin və islamofobiyanın dərin köklər saldığını deməyə əsas verir. Bu təhlükəli tendensiyaların ən çox yayıldığı ölkə isə məhz Fransadır. Dövlət başçımızın öz çıxışında dediyi kimi, bu ölkənin Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.