YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələr daha da genişlənəcək

“Azərbaycan regional və qlobal miqyasda böyük nüfuza malikdir.  Bu xüsusda ölkəmizin dost və tərəfdaş dövlətlərlə əlaqələri uğurla inkişaf edir. Eyni zamanda Cənubi Qafqazın lideri ölkəsi olan Azərbaycanla əməkdaşlığa böyük maraq var. Ölkəmizlə enerji və digər sahələr üzrə geniş əməkdaşlıq quran və ələqələri daha da genişləndirmək istəyən dövlətlərdən biri də Albaniyadır. Məhz bu baxımdan da Azərbaycanla Albaniya arasında münasibətlər son illər dinamik inkişaf edir. Bunun nəticəsi olaraq iki ölkə arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Albaniya Prezidenti Bayram Beqayın ölkəmizə rəsmi səfəri isə əlaqələrin bundan sonra daha geniş spektorda inkişafına mühüm təsir edəcək.” Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycanla Mərkəzi və Şərqi Avropa ölkələri arasında sıx münasibətlər mövcuddur: “Bu baxımdan da Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq inkişaf edir. Eyni zamanda ölkəmizin xarici siyasət kursunda bu istiqamət vacib əhəmiyyətə malikdir. Sözsüz ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniya Prezidenti Bayram Beqayın təkbətək və geniş tərkibli görüşündə əlaqələrin uğurlu inkişafından bəhs edilib. Bununla yanaşı gələcək əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə olunub”.

Deputat Azərbaycanla Albaniyanın yaxın dost ölkələr olaraq bir yerdə işlədiyini, əməkdaşlığın perspektivlərinin olduğunu söyləyib: “Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığa malikdir. Albaniya Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Azərbaycan da öz növbəsində hər zaman Albaniyanının ərazi bütövlüyünə dəstəyini ifadə edib.  İşğal və II Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları bu xüsusda mühüm önəm kəsb edir. Bununla yanaşı iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatında bir-birinə açıq dəstək verib. Ötən il Frankofoniya Sammitində Albaniya Azərbaycana mühüm dəstək verib və bu yanaşma ölkəmiz tərəfindən yüksək qiymətləndirilir”.

Millət vəkili Azərbaycanla Albaniya arasında enerji sahəsində fəal və uğurlu əməkdaşlıqdan bəhs edib: “Sözsüz ki bu iki ölkəni enerji sektorundakı əməkdaşlıq bir-birinə daha sıx bağlayır. TAP artıq bu əməkdaşlığın uğurlu nəticəsi hesab edilir. Eyni zamanda TAP layihəsinin reallaşması iqtisadi və regional enerji çıxışı və qovşağı baxımından strateji əhəmiyyətə malikdir. Məhz Adriatik-İonik qaz kəməri Albaniyanın regionda qazpaylayıcı kimi rol oynamasına zəmin yaradacaq. Bütün bunlar isə onu deməyə əsas verir ki, hər iki ölkə arasında digər sahələrdə də əməkdaşlıq uğurla inkişaf edir və əlaqələr bundan sonra daha da genişlənəcək”.