YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məqsəd dünyada ədalətin, beynəlxalq hüququn bərpa olunmasıdır

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirildi. Hər bir beynəlxalq əhəmiyyətli tədbir iştirakçı, ən əsası ev sahibliyi edən ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayaraq keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur.

Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyətindən, pandemiya ilə mübarizədə Hərəkatın qlobal həmrəyliyə və əməkdaşlığa çağırışlarından, Azərbaycanın üzv dövlətlərə göstərdiyi humanitar və maliyyə yardımlarından danışaraq bu məqamı da xüsusi qeyd etdi ki, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Azərbaycan, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik.

Azərbaycan postpandemiya dövrü haqqında da düşünməli oldu. Belə ki, cari ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Dövlət başçısı İlham Əliyev Sammitdə, həmçinin Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdi. Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırdı.

Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə, eyni zamanda, Hərəkatın institusional inkişafına güclü dəstək verdi. Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. “Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, institusional davamlılığa doğru atılan bu addımlarla növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq.

Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanında olduğunu sözdə deyil, fəaliyyətində təsdiqləyir. Dövlət başçısı İlham Əliyev tədbirdə bir daha dünyanın ikili siyasətə əsaslanan siyasətinin yaratdığı problemlərdən bəhs etdi. Bu kontekstdə BMT sistemində islahatların zəruriliyi məsələsi vurğulandı: “Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır.” O da vurğulandı ki, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.

Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi dünyada ədalətin, beynəlxalq hüququn bərpa olunmasıdır. Ölkəmizin hər bir təşəbbüsünün beynəlxalq dəstək qazanması Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir.