YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Obyektiv və yüksək qiymət

“Azərbaycan Qoşulmama Hərəkatına üzv olduqdan sonra bu təşkilatın işində aktiv iştirak edir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrlik etməsi isə qurumun fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirib”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, hazırda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Ölkəmizin təşkilata sədrliyi dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı dövrə təsadüf etdi. Məhz Azərbaycanın təşəbbüsü ilə pandemiyanın kəskin artdığı zamanda Qoşulmama Hərəkatının Zirvə toplantısı, həmçinin BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı bu məqamları xüsusi vurğulayıb. Ölkəmizin “peyvənd millətçiliyi”nə qarşı mübarizəsi də beynəlxalq aləmdə təqdir olunan addımlarımız sırasında oldu. Prezident İlham Əliyevin “peyvənd millətçiliyi”, vaksinlərin ədalətsiz paylanılması ilə bağlı çağırışları dünya birliyində xeyirxahlıq və insanlığa qayğı kimi dəyərləndirildi. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun çox yüksək olduğunu təsdiqləyir.

Ümumiyyətlə, Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır. Azərbaycan Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə töhfələr verib, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atıb. Hərəkat üzvlərinin Azərbaycanın sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı isə Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Azərbaycan isə öz növbəsində QH ölkələrinin bu etimadını yüksək qiymətləndirir və təşkilata sədrliyi uğurla davam edir.

Millət vəkilinin sözlərinə görə, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi təşkilatın sənədlərində dəstəklənib. 44 günlük Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatı üzvlərinin güclü siyasi həmrəyliyi və dəstəyi hiss edilib. Belə ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, Təhlükəsizlik Şurasının üzvü olan ölkələr Azərbaycana dəstək vermək məqsədilə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirmişdilər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Fatma Yıldırım qeyd edib ki, dövlətimizin başçısı çıxışında Fransanın müstəmləkəçi siyasətindən, hələ də Afrikada yaşayan xalqlara qarşı bu mövqeyindən əl çəkməməsindən də bəhs edib. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnib. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik. Qoşulmama Hərəkatının Bakıda keçirilən toplantısı çərçivəsində iyulun 6-da Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılması bu baxımdan çox önəmlidir.

“Prezident İlham Əliyev çıxışında Azərbaycanın 30 ilə yaxın erməni işğalından və ikili standartlardan əziyyət çəkdiyini diqqətə çatdırdı. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma Azərbaycana gəldikdə, erməni işğalı ilə bağlı qətnamələr 27 il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan BMT-də köklü islahatların aparılması təşəbbüsü ilə çıxış edir. Dövlətimizin başçısı çıxışında bir daha dünyaya sülh mesajı verdi. Ona görə də, Ermənistan sülh üçün imkanları qaçırmamalıdır. Bu ölkə Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan qanunsuz hərbi dəstələrini ərazilərimizdən çıxarmalı, Zəngəzur dəhlizinin reallaşmasına mane olmamalı, Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün Azərbaycanın təşəbbüslərinə ciddi yanaşmalıdır”,-deyə millət vəkili vurğulayıb.