YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qlobal həmrəyliyə böyük töhfə

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün, daha sonra isə sədrliyinin ölkəmiz üçün böyük töhfələri oldu. 2021-ci ildə Azərbaycanın 155 ölkənin səsini əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində Qoşulmama Hərəkatı ölkələrinin dəstəyi də öz rolunu oynamışdır. Qurumun üzv ölkələri Azərbaycanın ədalətli mövqeyinə dəstək vermişdir. Xüsusilə bu dəstək Vətən müharibəsi dövründə hiss edildi. 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısı 7 Qoşulmama Hərəkatı ölkəsi tərəfindən inamla alınmışdır. 2022-ci ildə də bənzər hadisə baş verdi.

Azərbaycanın ədalətli mövqeyinin Qoşulmama Hərəkatı ölkələri tərəfindən dəstəklənməsi onların bu məsələdə beynəlxalq hüquqa əsaslanmaları ilə yanaşı, eyni zamanda, etibarlı tərəfdaş olan və beynəlxalq aləmin məsuliyyətli və fəal üzvü olan Azərbaycanı dəstəkləmək istəyindən də qaynaqlanır.

İyulun 5-də Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü bu kimi məqamlara aydınlıq gətirdi. Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında bu çağırışı etdi ki, multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır: “Biz “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir.”

Bu mühüm məqamı da qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur. Bu uğurlu sədrliyi ilə Azərbaycan göstərdi ki, böyük ərazisi və əhalisi olmasa da, məhz güclü Liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza ata bilər.

Azərbaycan qlobal həmrəyliyin və əməkdaşlığın vacibliyini önə çəkərək bu istiqamətdə davamlı addımlar atır. Azərbaycanın Hərəkata sədrliyi dövrü pandemiyaya qarşı mübarizə tədbirlərinin aparılması ilə xarakterizə olunduğundan ölkəmizin istər daxildə, istərsə də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər diqqətdə oldu.  Qoşulmama Hərəkatı son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olub. Qurum qlobal həmrəyliyə mühüm töhfələr verib. Təbii ki, bu uğurlar Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən başlayıb. 2020-ci ildə baş tutan Qoşulmama Hərəkatının Zirvə görüşündə cənab İlham Əliyev BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif etdi. Bu təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. Xüsusilə pandemiya zamanı beynəlxalq həmrəyliyin artırılmasına, “peyvənd millətçiliyi”nə qarşı 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında iki qətnamənin qəbuluna nail olunması mühüm əhəmiyyətə malik idi. O da məlumdur ki, ötən il Hərakata üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətinin bir il uzadılması ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun, söz sahibliyinin göstəricisi oldu.  Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri Qoşulmama Hərəkatının fəaliyyətinin əsas prinsipləri ilə üst-üstə düşür. Ədaləti və beynəlxalq hüququ müdafiə etmək əsas çağırışlardandır.