YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq hüququn və ədalətin zəfəri

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Günümüzün reallığı budur ki, region və dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını atdıqları addımları ilə təsdiqləyirlər. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi artan nüfuzunda əhəmiyyətli rol oynayır. Bu günlərdə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda keçirilən  nazirlər görüşündə dövlət başçısı İlham Əliyev qurumun  yeni reallıqların fonunda yenidən formalaşan dünya siyasətində möhkəmlənən yeri və rolundan bəhs etdi.  Cənab İlham Əliyev Azərbaycanın sədrliyi dövründə görülən işlərin xronologiyasına diqqəti yönəldərək bu mühüm məqamı qeyd etdi ki, sədrliyimiz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində tarixi Qələbəmiz oldu. 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir.

Tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Cənab İlham Əliyev tədbirdəki çıxışında bildirdi ki, ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir: “Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir.”

Dövlət başçısı çıxışında bərpa-quruculuq işlərinə mane olan mina problemindən də bəhs etdi. Bildirdi ki, Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı.

Qeyd edək ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra dövlətimizin başçısı Qoşulmama Hərəkatı üzvlərini ölkəmizin üzləşdiyi yeni çağırışlar – dağıntılar, mina, ərazilərin bərpası, itkin düşmüş şəxslər problemi barədə mütəmadi   məlumatlandırır. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin bir hissəsinin mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış edib. Cənab İlham Əliyev sözügedən tədbirdəki çıxışında belə bir əminliyi ifadə etdi ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimi dəstəkləyəcəklər.

Məlumdur ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. Ötən il quruma üzv dövlətlərin yekdil qərarı ilə ölkəmizin sədrlik müddəti bir il uzadıldı. Azərbaycan sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə etməklə diqqətdədir.  Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də ölkəmizin qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi. Azərbaycan hər zaman birləşdirici, sabitləşdirici aktor kimi diqqətdə olub. Ölkəmizin irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.