YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qlobal çağırışları düzgün cavablandırır

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü ölkəmizin beynəlxalq nüfuzuna bir daha işıq saldı.

Məlumdur ki, Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. Belə ki, 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bundan əlavə, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir.

Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdə bir daha diqqəti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumun dünya siyasətində rolunun artmasına yönələn addımlarından bəhs etdi. Bildirdi ki, qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmadı. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi. Təbii ki, bu ölkəmizin Hərəkatın sədri kimi məsuliyyətinin və bəşəri dəyərlərə verdiyi önəmin göstəricisidir. Həmçinin Azərbaycan sözügedən məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərib və təşkilata 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərin göstəricisidir. Çünki vaxtilə maliyyə yardımı alan Azərbaycan artıq özü fəal donor ölkəyə çevrilib.

Qeyd edək ki, hələ 2019-cu ildə Qoşulmama Hərəkatının sammitində Prezident İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını bəyan etmişdi. Sədrliyi dövründə ölkəmiz Hərəkat üzvlərinin ədalətli mövqeyini beynəlxalq müstəvidə müdafiə etmək üçün öz səylərini əsirgəmədi.

Cənab İlham Əliyevin tədbirdəki çıxışı dünyanı narahat edən məsələlərin müzakirəsi və çıxış yollarının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi. Dövlət başçısı vurğuladı ki, yeni reallıqlar dünya düzəninin yenidən formalaşdırılmasını bir tələbə çevirir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Bu çıxış cənab İlham Əliyevə bəslənən rəğbət, ölkəmizin düzgün mövqeyi, bir sıra ölkə əhəmiyyətli məsələlərə dair fikirlərin ifadəsi baxımından kifayət qədər vacib və əhəmiyyətli oldu. Azərbaycan bir daha təsdiqlədi ki, Qoşulmama Hərəkatının Sədri olaraq ali məqsədlərə xidmət etməklə ədaləti və beynəlxalq hüququ müdafiə edir.

Reallıq budur ki, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib.