YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prioritet vəzifə

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. Həmin dövrdə həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etmişdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olunmuşdu və Azərbaycanda milli ordunun təməli qoyulmuşdu. Qeyd olunduğu kimi, 26 iyun 1918-ci il tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi.

Təəssüf ki, Azərbaycanın bolşevik rus ordusu tərəfindən işğalından sonra müstəqilliyimizin ən mühüm atributu olan milli ordu hissələri ləğv edildi. Azərbaycan keçmiş İttifaqın tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə Sovet rəhbərliyi tərəfindən daim süni maneə yaradılırdı ki, bu da məqsədli xarakter daşıyırdı.

Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.

1997-ci ildən Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində də gərəkli islahatlar aparıldı. Belə ki, bu müəssisələrdə tədris NATO standartlarına uyğun aparılmağa başladı. Bu, kursantların hərbi biliklərə daha əhatəli yiyələnməsini təmin etdi. Bundan başqa, ölkənin müdafiə sənayesi Ulu Öndərin rəhbərliyi ilə elmi əsaslarla inkişaf etdirilirdi. Bakıda keçirilən Beynəlxalq müdafiə sənayesi sərgilərində çoxtərəfli əlaqələr qurulurdu. Bu sərgilərdə Azərbaycanın müdafiə sənayesinin istehsal etdiyi məhsullarla yanaşı, ordu quruculuğunda əldə edilən üstün nailiyyətlər də nümayiş olunurdu. Bu isə özlüyündə dünya dövlətlərində Azərbaycanın iqtisadi qüdrəti, ordusunun gücü haqqında gərəkli təəssüratlar yaradırdı.

Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı fərmanla AXC dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı günü – iyunun 26-sını Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan etdi. 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 1999-cu ilin aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin yaradılması, 2001-ci ilin avqustun 20-də respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 2002-ci ilin 17 avqustunda Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzalanan fərmanlar ordu quruculuğu sahəsində əsaslı dönüş yaratdı. Bütün bu addımlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrində güclü maddi-tədris bazası və müasir texnologiyalara malik çoxpilləli hərbi təhsil sistemi yaradıldı.

1994-cü ilin əvvəlində başlayan uğurlarımız bu günə qədər davam edir. 2012-ci ildən düşmənə rahatlıq verməyən Silahlı Qüvvələrimizin fəaliyyətləri uğurlu Aprel döyüşləri, Günnüt əməliyyatı, Babakər və Tovuz hadisələri ilə müşaiyət edildi. Son nəticədə isə Horadiz zəfəri ilə başlayan uğurlarımız Vətən Müharibəsindəki möhtəşəm qələbəmiz ilə nəticələndi. Bu qələbələrin ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən ümummilli liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla, məqsədyönlü və planlı şəkildə davam etdirməsi, o cümlədən, ordu quruculuğu işini prioritet vəzifə elan etməsi ilə bağlıdır. Bu siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclüləri sırasında yer alir. Silahlı Qüvvələrimizin Vətən Müharibəsindəki döyüş təcrübəsi bir çox inkişaf etmiş ölkələrin hərbi-elmi mərkəzləri tərəfindən hələ də öyrənilir və araşdırılır.

Əsası ümummilli lider H.Əliyev tərəfindən qoyulan Silahlı Qüvvələrimiz hazırda müasir hərbi texnika ilə təchiz edilib, möhkəm nizam-intizama və yüksək döyüş hazırlığına malikdir. 44 günlük Vətən Müharibəsində düşməni sarsıdıcı zərbələri ilə darmadağın edən qalib Silahlı Qüvvələrimiz müstəqil dövlətimizin ən böyük dayağı, təhlükəsizliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün ən sədaqətli təminatçısıdır.