YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək inkişaf strategiyası

Zahir Qəhrəmanov

YAP Şirvan şəhər təşkilatının sədri                           

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib.

Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Hələ Sovet dönəmində respublika rəhbərliyinə gəldiyi ilk gündən Ulu Öndər dövlət siyasətinin digər sahələri kimi, gənclərin vətənpərvərlik tərbiyəsini də önə çəkib. Məhz müdrik siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Bakıda xüsusiləşdirilmiş hərbi təmayüllü orta internat məktəb (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey) yaradıldı. Bu gün ordumuzun zabit heyətinin, demək olar ki, əsasını məhz həmin məktəbin məzunları təşkil edir.

Ulu Öndərin dahiyanə idarəçiliyi, güclü strateji bacarığı sayəsində ordu quruculuğunda qısa vaxtda böyük işlər görüldü. Silahlı Qüvvələrimiz dünya standartlarına uyğun olaraq vahid komandanlıqdan idarə olunan mütəşəkkil hərbi struktura çevrildi. Ordunun maddi təminatı və təchizatı xeyli gücləndirildi. Ümummilli Liderin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbi də müstəqillik dövründə yenidən quruldu. Təkcə Azərbaycanın deyil, xarici ölkələrin hərbi məktəblərində də Silahlı Qüvvələrimiz üçün yüzlərlə təcrübəli mütəxəssis hazırlandı. Bu gün Azərbaycan Ordusunda xidmət edən zabitlərimizin əksəriyyəti məhz ulu öndər Heydər Əliyevin qayğısı sayəsində Türkiyənin, Rusiyanın, Ukraynanın, Pakistanın, Çinin, İtaliyanın, Rumıniyanın və digər ölkələrin akademiyalarında təhsil alıblar.

Ümummilli Lider 1998-ci il 13 mart tarixində C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının açılması haqqında sərəncam imzaladı. Bu gün həmin təhsil müəssisəsi Heydər Əliyev adına Hərbi Lisey kimi fəaliyyətini davam etdirir.

Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı.          

Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır.

Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Möhtəşəm hərbi paradlar da bunu təsdiq edir. Bu paradlar xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının gözəl nümunəsidir. 

Ümummilli liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan siyasətini və ideyalarını möhtərəm Prezident İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil.

Bəli, bu gün Azərbaycanın güclü, sarsılmaz ordusu var. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun müasir standartlara tam uyğunlaşdırılması məqsədilə gərgin və səmərəli iş aparılıb və nəticədə Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib.Bu gün qətiyyətlə deyə bilərik ki, tək silahlanma sahəsində deyil, mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz  torpaqlarımızı hər bir təcavüzdən qorumağa qadirdir. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız bunun bariz nümunəsidir.