YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni mərhələnin başlanğıcı

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Yalnız əllərindəki hakimiyyəti qoruyub saxlamağı düşünən səriştəsiz insanlar ölkəmizdə faciələrə səbəb olmuş, günahsız insanların həlak olmasına şərait yaratmışdı. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. 1993-cü ilin əvvəlindən Bakıda siyasi böhran dərinləşməkdə davam edirdi. Ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı.

Belə bir məqamda Heydər Əliyev Azərbaycanın gələcəyi naminə, xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya gəldi və fəal siyasi iş aparmağa başladı. İlk növbədə, vəziyyətlə yerində tanış olmaq üçün bir qrup ziyalı ilə birlikdə Gəncəyə yola düşdü. Bütün imkanlarından istifadə edərək silahlı qarşıdurmanın kəskinləşməsinin qarşısını aldı. Ölkə parlamentin sədri, baş nazir, güc nazirliklərinin başçıları istefa verməklə məsuliyyətdən yaxa qurtarmağa cəhd edirdilər. Bu ağır anda bütün nəzərlər Heydər Əliyevə dikilmişdi. İyunun 15-də Heydər Əliyev xalqın təkidli tələbi və yenilməz iradəsi  ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev peşəkarlıq və Vətənə sadiqliyini bir daha nümayiş etdirdi və dedi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.”

Heydər Əliyevin ölkənin Ali Qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə Əbülfəz Elçibəyin Bakını tərk edərək Naxçıvana, Kələki kəndinə getməsi paytaxtda vəziyyəti daha da dramatikləşdirdi. 24 iyun 1993-cü ildən Heydər Əliyev prezident səlahiyyətlərini də öz üzərinə götürməklə ölkədə yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

Bu  dövrdə  əhalinin  döyüş ruhunu qaldırmaq, müharibə  dövrünə uyğun  təbliğat  aparmaq, qanunsuz  silahlı  dəstələri  zərərsizləşdirmək üçün lazımi  tədbirlər  görüldü. Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxladı və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etdi.

1993-cü il avqustun 29-da Milli Məclisin qərarı ilə Əbülfəz  Elçibəyə etimadsızlıqla bağlı referendum keçirildi. Referendumun nəticələri AXC – Müsavat cütlüyünün xalq arasında heç bir dəstəyə malik olmadığını bir daha sübut etdi. Heydər Əliyev parlamentin sədri kimi Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq  münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC  hakimiyyətinin  bu sahədə buraxdığı  kobud səhvlər tezliklə aradan  qaldırıldı.

Ulu öndər ilk gündən hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatları həyata keçirməyə başladı. Böyük şəxsiyyət olaraq ilk günlərdən cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görən Heydər Əliyev həyata keçirməyi nəzərdə tutduğu islahatlar strategiyasına uyğun olaraq ilk növbədə dövlətin təməlini möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanaraq qəbulunu vacib bildi. Ulu öndər 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirdi. Ümummilli liderin 1993-cü ildə hakimiyyətə gəldikdən sonra reallaşdırdığı dövlətçilik fəlsəfəsi bu gün dünyada söz sahibinə çevrilmiş Azərbaycanın  tərəqqisinin təməl daşı idi.