YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir səfər münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcıdır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

İyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizə səfər etdi. Təbii ki, hər bir səfərin öncəki və sonrakı təəssüratları arasında müəyyən  yeniliklər olur. Pakistanın Baş naziri də bu təəssüratlarının çox dərin olduğunu, gördüklərini dövlət başçısı İlham Əliyevin liderliyinin və böyük səylərinin nəticə kimi dəyərləndirdi. Hava limanında və hava limanından kənarda Pakistan bayrağının dalğalanmasını dostluğumuzun, qardaşlığımızın rəmzi kimi qiymətləndirən cənab Məhəmməd Şahbaz Şərif səfərin əlaqələrimizin gələcək inkişafında əhəmiyyətli rol oynayacağını bildirdi.

Reallıq budur ki, Azərbaycan-Pakistan əlaqələrinin zəngin tarixi vardır. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik münasibətlər qurmayan ölkədir. Azərbaycan dövləti bunu daim yüksək dəyərləndirib.  Ölkəmiz də  öz növbəsində, hər zaman Kəşmir  daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək Azərbaycan tərəfindən  BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. İki ölkə arasında digər sahələr kimi, hərbi sahədə də  əməkdaşlığımızın böyük potensialı var.

Dövlət başçısı İlham Əliyev hər bir görüşündə 30 illik işğal, eyni zamanda, postmünaqişə dövrünün reallıqları barədə geniş məlumat verir.  Pakistanın Baş naziri ilə görüşlərində, eyni zamanda, mətbuata birgə bəyanatlarında da  bu məqamlara xüsusi diqqət yönəldildi. Vurğulandı ki,  Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş vasitəsilə aldıq. Bu reallıq da diqqətə çatdırıldı ki, beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox.

Dövlət başçısı İlham Əliyev Pakistanın istər 30 illik işğal, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana mənəvi və siyasi dəstəyinə diqqəti yönəldərək minnətdarlığını ifadə etdi. Görüşlərdə  iki qardaş ölkənin ayrı-ayrı sahələrdə qazandıqları uğurlar fonunda  münasibətlərin inkişafı üçün yaradılan möhkəm zəmin bir daha diqqətə çatdırılaraq hədəflər müəyyənləşdirildi. Bu hədəflər bütün sahələrin kompleks şəkildə inkişafına xidmət edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar dost ölkənin də diqqətindədir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr Pakistan rəsmiləri tərəfindən böyük rəğbət hissi ilə vurğulanır. Baş nazir Azərbaycanın zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz ehtiyatlarına malik olduğunu önə çəkərək  ölkəsinin  bu sahədə sıxıntısı olduğunu qeyd etdi. “Biz çox bahalı idxala bağlı olan ölkəyik” söyləyərək onu da əlavə etdi ki, ötən il  bu sahəyə 27 milyard  dollar xərclənilib: “Yəni, əziz Qardaşım, biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Təsəvvür edin, ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik.” İki ölkə arasında digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd edildi. Nəqliyyat, təhsil sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyi  önə çəkildi.

Ümumilikdə hər bir səfər münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcıdır. “Düşünürəm ki, mənim Bakıya səfərim çox mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, İslamabada qayıdanda, dövlət xidməti sahəsində belə bir liderin addımlarından çox şey öyrənmiş olacağam” fikirləri ilə səfər təəssüratlarını bölüşən Pakistanın Baş naziri böyük məmnunluq hissi ilə bildirdi ki,  biz iki qardaş ölkəyik.