YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın gələcəyini və inkişafını təmin edən əsas ideya

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Ulu Öndər Heydər Əliyevin bu müdrik sözləri siyasi, fəlsəfi və tarixi təhlillər zamanı bir daha öz təsdiqini tapır. Yaxın zamanlarda 105-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq taleyi hər bir müstəqil Azərbaycan vətəndaşı üçün öz dövlətinin müstəqilliyini qorumaq, milli-mənəvi dəyərlərə sahib çıxmaq naminə əsas olmalıdır.

Biz bu il müstəqilliyimizin bərpasının 32-ci ildönümünü, Milli Qurtuluşumuzun isə 30 illik yubileyini qeyd edəcəyik. Bilirsinizmi, cəmi iki yaşında bir dövlətin, dövlətçiliyin qurtuluşa ehtiyac duyması, öz gələcəyini xilas etmək üçün mübarizə aparması, torpaqlarının işğalını dayandırması və otuz il bu işğalla mübarizə aparması indi hər kəsə asan görünə bilər. Lakin bu ölkədə bir nəsil öz gəncliyini, öz uşaqlığını və ya ahıl zamanını məhz bu keşməkeşli dövrə həsr etmiş, bu ağır vəziyyətdən çıxmaq üçün mübarizə aparmışdır.

Bu, mübahisəsiz aksiomdur ki, əgər Ulu Öndər Heydər Əliyev tərəfindən Milli Qurtuluş gerçəkləşdirilməsə idi, Azərbaycan Respublikasını da Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq taleyi gözləyirdi. Özü də bu dəfə hadisələr daha dramatik bir süjet xətti ilə davam etməkdə, daxili və xarici düşmənlər öz təzyiqlərini artırmaqda idilər. Torpaqlarının bir hissəsi işğal olunmuş, hər gün şəhid gələn bir cəmiyyət idarəolunmaz vəziyyətdə idi. Birinci Qarabağ müharibəsində şəhid olanlara o zamankı hakimiyyətin lazımi qiymət verməməsi, qayğı, hörmət göstərməməsi nəticədə cəmiyyətdə ordudan yayınmalara və torpaqların işğalına gətirib çıxarırdı.

Düşünürəm ki, 4 iyun 1993-cü ildə Gəncədə baş verən hadisələrin böyük tarixi araşdırmalara ehtiyacı var. Bəzi ekspertlər hesab edirlər ki, Gəncədə baş verənlər hərbi qiyam idi və yaxud da hakimiyyətin dəyişməsi üçün səbəb. Hətta Gəncədə baş verənləri dövlət çevirilişinə cəhd də adlandıranlar var. Yanaşmaların fərqli olması anlaşılandır. Lakin üstündən 30 il keçdikdən sonra və vəziyyəti doğru təhlil edərkən görürsən ki, əslində Gəncə hadisələri nəticə idi. Üç il ərzində dövləti o zaman idarə edənlərin yaramaz, vətəndaşını düşünmədən atdığı addımlarına qarşı etirazın kulminasiya nöqtəsi idi. Axı onsuz da dağılmış iqtisadiyyat, cəmiyyətin bir gecədə - 20 Yanvar hadisələri fonunda Sovetlər ölkəsinə qarşı itmiş etimadı, işğal altında qalan torpaqlar az imiş kimi, o zamankı hakimiyyətdə olanların özbaşınalıqları da davam edirdi. Yəni əgər normal dövlət idarəetmə institutu olsa idi, hadisələri təhlil edən mərkəzlər əslində Gəncədə və ya başqa bir yerdə hakimiyyətə qarşı ayaqlanmaları öncədən görə bilərdi. Gəncə hadisələri birmənalı o dövrlər baş verənlərin məntiqi nəticəsi və etirazın kəskin ifadəsi idi. O zaman demokratik yollarla insanlar öz etirazlarını ifadə edə bilmirdilər.

Böyük mütəffəkir Nizami Gəncəvi deyir ki, yaxşı palançı olmaq, yalançı papaqçılıqdan daha üstündür. Dövlət idarəçiliyindən xəbəri olmayan prezident, aspiranturanı bitirə bilməyən baş nazir, iclası idarə etmək iqtidarında olmayan parlament sədri və sair. Anlayıram ki, müstəqilliyi uzun zaman sonra dadan xalq, cəmiyyət bir müddət addımlarını çətin ata bilər. Lakin o zamankı hakimiyyətin səriştəsizliyi az qala müstəqilliyin itirilməsi ilə nəticələnəcəkdi. Nə birinci prezident Ayaz Mütəllimov, nə də Əbülfəz Elçibəy o dövrün çağırışlarını dərk edə bilmirdilər. Meydanda xalq kütlələri tərəfindən qazanılmış azadlığı,  qələbəni dövlət idarəetməsinə transformasiya edə bilmədikləri üçün vəziyyət hər gün daha da kəskinləşirdi. Hakimiyyət səlahiyyətlərini yerinə yetirmək üçün məsuliyyət daşıyan şəxslər həm hazırlıqlı, həm də yerində deyildilər. Əslində, çıxış yolunu özləri də bilirdi. Xilas bir yöndə idi, xilaskar bir nəfər idi.

Yalançı ordu birləşmələri, yerlərdə “bəylik” edən məmurlar, parlamentdə qeyri-sabit və əxlaq normalarından kənar iclaslar dövləti çox çətin vəziyyətə salmaqda idi. Naxçıvanda isə Bakıda ölümlə təhdid etdikləri Heydər Əliyev yenidən Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərinə həyat verir, orada müstəqil Azərbaycanın gələcəyini müəyyənləşdirirdi. Bir yol var idi. O da Ulu Öndəri Bakıya dəvət etmək. Lakin onun ədalətinə, qətiyyətinə və dövlət idarəetmə qabiliyyətinə yaxşı bələd olan keçmiş hakimiyyət mənsubları ondan sözün bütün mənalarında qorxurdular. Axı Ümummilli Liderin xalq tərəfindən sevildiyini və hakimiyyətə qayıdacağını təxmin etmək o dövr üçün elə də çətin deyil idi. Xalqın iradəsinə qarşı gedənlər, xalqı yox sayanlar, xalqın öz oğluna qadağalar qoyanlar xalqı uçuruma aparanlar idilər.

Ömrünün ahıl çağında Heydər Əliyevə hakimiyyət gərək deyil idi. O dövrdə istər Moskvada, istərsə də daha sonra Naxçıvanda rahat, sakit həyat tərzini davam etdirə bilərdi. Lakin situasiya ölkəni siyasi, ideoloji, ictimai, iqtisadi baxımdan iflic vəziyyətinə salmışdı. Xalqın Heydər Əliyevə ehtiyacı var idi. Qarşısı alına bilməyən xaos və anarxiya, hakimiyyətdaxili çəkişmələr pik həddə çatmışdı.

Ayrı-ayrı qruplar “mərkəzi hakimiyyət”ə tabe olmaq istəmirdilər. Vahid komandanlıq yox idi. Əslində hakimiyyət anlayışının özü belə yox idi. Belə bir vəziyyətdə hakimiyyətin mənbəyi olan xalq öz funkisional və tarixi əhəmiyyətə malik vəzifəsini operativ şəkildə yerinə yetirdi. O zamankı hakimiyyət, xüsusi ilə prezident Əbülfəz Elçibəy yaxşı anlayırdı ki, meydanı idarə etməklə dövləti idarə etmək eyni deyil. O, bu məqamı anladı anlamağına, amma çox gec anladı. O zaman anladı ki, özünün Qarabağ üzrə xüsusi nümayəndə vəzifəsinə təyin etdiyi, Milli Qəhrəman adı verdiyi Surət Hüseynov dırnaqarası ordusu ilə Bakıya doğru irəliləyir, bütün hakimiyyət nümayəndələrini Prezident Aparatının önündə cəzalandıracağını deyirdi. İndi dərindən düşünəndə o qənaətə də gəlmək olar ki, hakimiyyət nümayəndələri özlərini, öz təhlükəsizliklərini xalqın gələcəyindən üstün tutublar. Çünki, Ulu Öndər hakimiyyətə gəlməsə idi, çox böyük ehtimal ki, hakimiyyətin güç yolu ilə devrilməsi baş verəcək və Surət Hüseynov məhkəməsiz başda o zamankı prezident olmaqla bütün hakimiyyət nümayəndələrini cəzalandıracaqdı. Hakimiyyətin özbaşınalığından cana gəlmiş xalq baş verən hadisələrə elə də ciddi reaksiya verməyəcəkdi. Yəni, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması müasir tariximizi həm də böyük bir rüsvayçılıqdan xilas etdi.

Ölkəmiz müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşmişdi. Belə bir vəziyyətdə səbri tükənmiş Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, o biri tərəfdən özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən AXC—Müsavat rejimi xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi. 15 iyun 1993-cü ildə Milli Qurtuluşu Heydər Əliyevin timsalında Azərbaycan xalqı gerçəkləşdirdi. Milli Qurtuluş məfkurəsi Azərbaycan xalqının müstəqilliyini, gələcəyini və inkişafını təmin edən əsas ideya mənbəyidir.

Bu gün qalib ölkənin qürurlu vətəndaşları olaraq geriyə dönüb tarixi hadisələri təhlil etdiyimiz zaman Azərbaycan xalqının 30 il əvvəl ən çətin zamanda belə müdrik qərarlar verdiyinə şahid oluruq. Bəli, bu otuz ildə müstəqillik yolumuz heç də hamar olmamış və biz müstəqilliyimiz üçün çox sayda qurbanlar vermişik. Lakin yolumuzdan dönməmişik. İndi çox böyük fəxarətlə deyə bilərik ki, Naxçıvanda soyuq, qaranlıq otaqlarda Ulu Öndər Heydər Əliyev tərəfindən yandırılan Milli Qurtuluş məşəli indi işğaldan azad olunmuş Şuşada, Ağdamda, Laçında və digər torpaqlarımızda dalğalanan şanlı üçrəngli bayrağımıza işıq salır. Milli Qurtuluş məşəli öncə xalqımızı, sonra işğal olunmuş Qarabağı, Şərqi Zəngəzuru xilas etdi. İndi isə ən ali məqsədimiz Ulu Öndərin yolu ilə inamla və İlhamla öz tarixi torpaqlarımıza doğru irəliləmək və orada xalqımızın layiq olduğu həyatı təmin etməkdir.