YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tariximizin dönüş anı

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Hər bir xalqın taleyində tarixi anlar, həlledici dönüş nöqtələri mövcuddur. Çoxəsrlik dövlətçilik tarixinə, zəngin milli-mənəvi dəyərlərə, ləyaqətli inkişaf yoluna malik olan Azərbaycan xalqı da bu baxımdan istisna deyil. Bir əsrdə iki dəfə müstəqillik qazanaraq yeni ənənələr və dəyərlər yaradan, yaşadan xalqımız XX yüzilliyin 90-cı illərində daha bir çətin və mürəkkəb sınaqla üzləşdi, tarixi-siyasi missiya və məsuliyyətini şərəflə yerinə yetirdi. Bu reallığı təmin və mümkün edən amil isə lider amili, yaxud liderlik fenomeni oldu.

1990-cı illərin əvvəlində Azərbaycanın qarşılaşdığı vəziyyət, taleyüklü məsələlərin həlli respublikanın gələcək taleyinin müəyyənləşdirilməsində mühüm rol oynayırdı. Məlumdur ki, həmin dövrdə respublikamız ciddi siyasi böhran, iqtisadi tənəzzül ilə üzləşmişdi, yarıtmaz siyasət ölkənin regionda geosiyasi təcrid vəziyyətinə düşməsinə, beynəlxalq proseslərdən kənarda qalmasına səbəb olmuşdu. 1992-ci ildə hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyünün səriştəsiz və milli maraqlara zidd siyasəti nəticəsində xarici kəşfiyyat orqanlarının qarşıdurma meydanına çevrilən Azərbaycan, belə demək mümkünsə, xaosa təslim olmuşdu. Adı müstəqil dövlətlər sırasında olsa da, ölkənin nisbi suverenliyindən belə danışmaq olmazdı, çünki hakimiyyətdə olan qüvvələrin öz funksiya və səlahiyyətlərini yerinə yetirə bilməmələri hakimiyyət böhranı və anarxiyanın meydana çıxmasına səbəb olmuşdu. Paralel olaraq ölkədə separatizm meyilləri baş qaldırmağa başlamışdı. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş vermişdi. Bu hadisə Azərbaycanı vətəndaş müharibəsinə yaxınlaşdırdı. Bu isə Azərbaycanı parçalamaq, ölkənin təbii sərvətlərini mənimsəmək, xalqı və dövləti öz itaəti altına salmaq istəyən xarici qüvvələrin planlarına uyğun idi.

Xalqımız böhran vəziyyətindən, müstəqilliyi itirmək təhlükəsindən xilas olmaq üçün vətənpərvər, qətiyyətli, dövlətçilik təcrübəsinə malik olan, dövlətin maraqlarını hər şeydən üstün tutan liderə ümid bəsləyirdi. Bu lider - şəxsiyyət, inam, etibar və etimad ünvanı məhz Heydər Əliyev idi. Hətta o zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. 

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında bir daha tarixi-siyasi məsuliyyəti öz üzərinə götürdü, Azərbaycan dövlətinin və dövlətçiliyinin xilası, ölkəni tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxarmaq missiyasını yerinə yetirməyə başladı. Həmin ilin iyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi xalq tərəfindən sevinclə qarşılandı, Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu.  Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı – dövlətçilik tariximizin mühüm dönüş nöqtəsi oldu. Bu qayıdış xalqımızı fəlakətdən, müasir Azərbaycanı isə Xalq Cümhuruyyətinin taleyini yaşamaq – müstəqilliyi itirmək təhlükəsindən xilas etdi.

Ümummilli Liderin qayıdışından sonra atılan addımlar Azərbaycan dövlətinin dirçəlişini təmin edir, gələcəyə optimist baxmağa imkan və əsas verirdi. Təsadüfi deyil ki, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində Heydər Əliyev xalqın böyük etimadı və dəstəyi ilə Azərbaycan Prezidenti seçildi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə qeyd etmişdi. Məhz bu cür oldu, Ulu Öndər milli maraqlara, milli-mənəvi dəyərlərə, zamanın tələblərinə, reallıqlarına və çağırışlarına əsaslanan fəaliyyəti, uğurlu daxili və xarici siyasət kursu ilə ona bəslənilən ümidləri doğrultdu. Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında ən mühüm, tarixi və misilsiz xidmətlərindən biri siyasi varisliyin təmin edilməsi oldu. O, özündən sonra ölkəni şərəflə, ləyaqətlə və uğurla idarə edə biləcək lider yetişdirməklə Azərbaycanın gələcək inkişafının, parlaq perspektivlərinin möhkəm təməlini yaratdı. 2003-cü ildə Azərbaycan xalqının Heydər Əliyev siyasətinin davamına “HƏ” deməsi, cənab İlham Əliyevə etimad göstərməsi bizi möhtəşəm nailiyyətlərə və böyük Qələbəyə aparan amil oldu. Dövlət başçısı kimi fəaliyyətə başladığı gündən həyata keçirəcəyi siyasətin prioritetlərini açıqlayan, “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm”,- söyləyən cənab İlham Əliyev atdığı addımlarla xalqa verdiyi vədlərə sadiqliyini, Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirdi.

Ən əsası, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasına – doğma Qarabağın, əziz Şuşanın işğaldan azad olunmasına nail olmaqla ata vəsiyyətini, xalq qarşısında müqəddəs missiyanı yerinə yetirmiş oldu. Nəticə etibarilə, Milli Qurtuluş xalqımızın xilası, dövlətimizin yüksəlişi və tərəqqisidir. Ulu Öndərin Qayıdışından, Qurtuluşdan başlanan tarix Azərbaycanı dünyada söz sahibinə çevirib, Zəfər zirvəsinə yüksəldib! Şübhəsiz ki, müstəqil, güclü Azərbaycan bundan sonra da yeni-yeni möhtəşəm zəfərlər qazanacaq!