YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

‘‘Dövləti qoruyun!’’

Əjdər İsmayılovun anadan olmasının 85 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) fəal qurucularından, məşhur “91-lər”dən olan, YAP Veteranlar Şurasının üzvü olmuş, filologiya elmləri doktoru, tarixçi-alim, professor Əjdər İsmayılovun anadan olmasının 85 illiyinə həsr edilmiş ‘‘Dövləti qoruyun!’’ adlı elmi-praktik konfrans keçirilib.

YAP Naxçıvan Muxtar Respublika Təşkilatı və Naxçıvan Dövlət Universitetinin birgə səyi nəticəsində ali təhsil ocağında YAP-ın ən fəal qurucularından, məşhur "91-lər"dən, YAP Veteranlar Şurasının üzvü olmuş, Cavidşünas alim, filoloq-tarixçi, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin təsisçisi və ilk sədri, mərhum professor Əjdər İsmayılovun anadan olmasının 85 illiyinə həsr olunmuş "Dövləti qoruyun" adlı elmi-praktik konfrans keçirilib.

Konfransdan öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, sonsuz ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında qonaqlara ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən muzeydə Ulu Öndərin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncam və müqavilələrin surətləri nümayiş olunur. Muzeyin kitabxanasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materialları da sərgilənir.

Elmi-praktik konfransda ilk olaraq vətənpərvər alimin həyatı, elmi, ictimai-siyasi, pedaqoji fəaliyyəti haqqında "Dünənin sabahı" filmi nümayiş olunub.

Tədbirdə universitetin rektoru Elbrus İsayev 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olan Əjdər İsmayılovun həyat və fəaliyyəti haqqında danışaraq onun şərəfli ömür yolu keçdiyini bildirib. Professorun görkəmli elm xadimi, nüfuzlu ziyalı olduğunu deyən rektor diqqətə çatdırıb ki, o, həyatının sonuna qədər Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalıb, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib. Bildirilib ki, həm filologiya, həm də tarix sahəsində mərhum professorun mühüm elmi əsərləri və araşdırmaları var. Əjdər İsmayılovun ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etdiyini vurğulayan rektor onun Heydər Əliyevin ən yaxın silahdaşlarından və məşhur “91-lər”dən olduğunu, bu istiqamətdə sona qədər qətiyyətlə və təmənnasız mübarizə apardığını bildirib. Rektor həmçinin diqqətə çatdırıb ki, Əjdər İsmayılov NDU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvü kimi fəaliyyət göstərib.

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin müavini, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini-Aparatın rəhbəri Anar İbrahimov qeyd edib ki, Azərbaycanın siyasi tarixində özünəməxsus mövqeyi ilə seçilən, fəal vətəndaşlıq missiyasını ömrünün sonuna kimi daşıyan və milli-düşüncə tərzininin formalaşmasında özünəməxsus xidmətləri olan Əjdər İsmayılov təkcə ziyalı kimi deyil, siyasi fəaliyyəti ilə də gənc nəslə örnək əsl vətənpərvər azərbaycanlı olub. YAP-ın yaradılmasının ilk təşəbbüskarlarından biri olan Əjdər İsmayılov partiyanın təşkilatlanması, struktur halına gəlməsində onun xidmətlərinin danılmaz olduğu diqqətə çatdırılıb. Əjdər İsmayılovun Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasına üzv seçilməsi Prezident İlham Əliyevin professorun siyasi fəaliyyətinə verdiyi qiymətin təzahürü kimi dəyərləndirilib. Anar İbrahimov diqqətə çatdırıb ki, bu gün bir el ağsaqqalını yada salmaq, ona yaraşan tərzdə xatirəsinə hörmət etmək qürurverici bir hissdir.

AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Türk tarixinə yeni baxış, erməni əlifbasını darmadağın edən araşdırmaları və Naxçıvan tarixinə aid elmi araşdırmaları" mövzusunda çıxışında professor Əjdər İsmayılovun Azərbaycan elmi qarşısında xidmətlərindən, ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri ilə mübarizəsindən ətraflı bəhs edib. Akademik diqqətə çatdırıb ki, professor Qafqaz Albaniyası ilə bağlı önəmli araşdırmalar aparıb və həmin tədqiqatlar bu gün Alban ədəbiyyatını, mədəniyyətini, ictimai fikrini öyrənənlər üçün qiymətli mənbələrdir.

AMEA Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi, Hüseyn Cavid irsinin tədqiqatçısı Səbinə Dünyamalıyeva professorun Hüseyn Cavid yaradıcılığı ilə bağlı araşdırmalarından, YAP Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov Əjdər İsmayılovun siyasi fəaliyyətindən danışıblar.

Tarixi romanların müəllifi, yazıçı-publisist Yunus Oğuz, professorun tələbəsi, şair Rüstəm Behrudi dəyərli professor haqqında xatirələrini bölüşüblər.

Sonda çıxış edən Əjdər İsmayılovun oğlu, iqtisadçı alim hüquqşunas, Turan Araşdırma Mərkəzinin sədri Cavid İsmayıl atası haqqında xatirələrini bölüşüb, onun Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyi, dövlətçiliyə xidmətləri ilə qürur duyduğunu vurğulayıb. Cavid İsmayıl atasının 85 illik yubiley tədbirində göstərdiyi dəstəyə görə Naxçıvan MR Ali Məclisi Sədrinin müavini, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini – Aparatın rəhbəri Anar İbrahimova plaket təqdim edib.

Qeyd edək ki, konfransda eyni zamanda professorun Azərbaycan və Türk dillərində çap olunmuş kitabları, qəzetlərdə çap olunan məqalələri sərgilənib. Bir neçə adda olmaqla 30-dan artıq kitab universitetin Elmi Kitabxanasına hədiyyə edilib.