YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi gerçəklik

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

 Azərbaycanın dövlət müstəqilliyinin bu gün daha güclü və milli iradəyə çevrilməsinin əsas səbəblərindən biri də qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlərinin tarixi və coğrafi strateji köklərinə bağlılığıdır. Ölkələrimiz tarixi, mədəni, irsi dəyərlərə önəm verməklə bir-birinə dayaq və arxa olaraq tarixin təcrübəsindən alnıaçıq çıxa bilmişdir. Bu gün iki qardaş ölkə faktiki olaraq, uzlaşan strateji siyasətlə birgə hərəkət edirlər.

2021-ci il iyun ayının 15-də qardaşlığın yeni tarixi mərhələsi-Şuşa Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır və  iki qardaş ölkənin hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliyinin hüquqi əsası  və rəsmi təminatıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bəyannamə hər iki ölkənin ümumi maraqlarının qorunması istiqamətində imkanların birləşdirilməsində, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsində xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi-strateji əməkdaşlığın perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Bu Bəyannamə ilə ölkələrimiz bütün istiqamətlərdə əməkdaşlığını daha da gücləndirilməsi, birgə fəaliyyətlər üzrə perspektiv planlar hazırlanması üçün zəmin yaradır. Dövlətlərimiz kadr hazırlığında, təlimlərdə, hərbi texnologiyaların inkişafında, hərbi-elmi tədqiqatlar sahəsində birgə fəaliyyət göstərəcək, hərbi sənayenin inkişafında bir-birinə dəstək olacaq, bir millət kimi müştərək planlar quraraq qarşıda qoyulan hədəflərə bir yerdə nail olacaqlar.

Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Bu müddəanın Bəyannamədə qeydə alınması bu gün Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı dövlətlər üçün çox mühüm mesajdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.

Şuşa Bəyannaməsi xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da güclənməsi və möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.