YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın inkişaf yolu

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Azərbaycan xalqı Milli Qurtuluş Gününü daha yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Dahi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ən böyük arzusu ölkəmizi bütöv görmək idi. Dövlət Başçımız İlham Əliyev məqsədyönlü, praqmatik siyasəti, uğurlu strategiyası sayəsində Ulu Öndərin arzuları reallığa çevrildi, düşmən işğalından azad edilən torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalandı.

Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı, bünövrəsi də dahi şəxsiyyət Heydər Əliyevin Müstəqilliyimizin ilk illərində hakimiyyətə qayıtdığı gün, milli müstəqilliyimizin əbədiliyinin təmin edildiyi gün qoyuldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxdı. O illərdə böyük faciələrlə, çətinliklərlə üz-üzə qalan Azərbaycan xalqı Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaosdan, anarxiyadan qurtula bildi. O gündən bu günə kimi Azərbaycan əsrə bərabər inkişaf yolu keçdi.

Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Ötən dövrə nəzər saldıqda bir daha aydın olur ki, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, bu gün müstəqil, qüdrətli, sürətlə və davamlı inkişaf edən, tərəqqi yolunda inamla irəliləyən, şanlı zəfərlər qazanan Azərbaycan dövləti bəlkə də olmazdı.

Milli Qurtuluşdan başlanan yolun hər qarışı, hər çığırı Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazıldı. Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu məhz, bu gündən – Milli Qurtuluş Günündən başladı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək niyyətləri puç oldu. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət, sabitlik adası kimi tanındı, beynəlxalq aləmdə layiqli yerini tutdu. Bu gün Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qalib ölkəmizin müəllifi olduğu yeni geostrateji reallıqlar bölgəyə rifah və inkişaf gətirib.

Bəli, Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi, regionların sürətlə müasirləşməsi, xalqın rifah halının günbəgün yaxşılaşdırılması Milli Qurtuluş Gününün bəhrələridir. Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulub, dünya birliyinin söz sahibi olan dövlətlər çərgəsində yer alıb.

Xalqımızın dövlətçilik tarixinin şanlı qürur səhifəsi, 15 İyun - Milli Qurtuluş Günü mübarək olsun!