YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qurtuluş - Müasir Azərbaycan tarixinin dönüş nöqtəsi

Tofiq Cahangirov, YAP İdarə Heyətinin üzvü, professor

Hər bir xalqın, hər bir ölkənin tarixində onun taleyini, varlığını, gələcəyini müəyyən edən önəmli günlər vardır. Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyan belə günlərdən biri də 15 iyundur. Təsadüfi deyil ki, 1993-cü ilin 15 iyun günü tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Çünki bu gün xalqımız, dövlətimiz üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. 15 iyun Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin ölüm-dirim mübarizəsinin şanlı tarixidir.

Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etdikdən sonra bu yolda ilk kövrək addımlarını atırdı. Hakimiyyətə gələn təcrübəsiz insanlar kobud səhvlərə yol verirdilər. Bu səbəbdən ölkədə yaranan qeyri-sabit vəziyyət getdikcə daha da mürəkkəbləşirdi. 

1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin başıpozuq hərəkətləri Azərbaycanın daxilində vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. Ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meylləri baş qaldırmışdı. Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyula bilərdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürüklədi. O zamankı hakimiyyətin tələsik, səbatsız qərar və addımları vəziyyəti daha da qəlizləşdirdi. Vəziyyət o həddə çatmışdı ki, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb edirdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Baş verən qarşıdurmalar nəticəsində ölənlər və yaralananlar var idi. 

Beləliklə, bir tərəfdən Azərbaycanda hakimiyyət boşluğu yaranmış, gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu kritik hal almışdı, digər tərəfdən isə Ermənistanın ərazilərimizə təcavüzü güclənmişdi. Ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ciddi ehtiyac var idi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Dövləti məhv olmaqdan xilas etmək üçün xalq Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Bakıya gəlməsini təkidlə xahiş edirdi. 

Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, Azərbaycan vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 

Sonralar Ümummilli Lider Heydər Əliyev çıxışlarının birində müstəqilliyimizin həmin dövrünü belə qiymətləndirmişdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. O zaman doğrudan da ölkəmizi parçalamaq, böyük dövlətlərdən asılı vəziyyətə salmaq istəyən qüvvələr var idi. Məhz Heydər Əliyevin siyasi qətiyyəti və polad iradəsi sayəsində həmin qüvvələr öz niyyətlərinə çata bilmədilər. Tezliklə ölkədə hərc-mərclik aradan qaldırıldı, asayiş, əmin-amanlıq bərqərar edildi, nizam-intizam yaradıldı. Ən əsası, Azərbaycanda ordu quruculuğuna başlanıldı və nizami ordu yaradıldı. Eyni zamanda, atəşkəs haqqında saziş imzalandı və Qarabağda müharibə dayandı.

1993-cü ilin iyunundan başlayaraq Azərbaycanda qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, ilk parlament seçkiləri keçirildi, referendum yolu ilə Konstitusiya qəbul edildi, xarici şirkətlərlə Azərbaycan neftinin hasilatı və ixracına dair "Əsrin müqaviləsi" imzalandı. Eyni zamanada Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesində ciddi uğurlar əldə edildi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Ümummilli Lider Heydər Əliyev qısa zamanda ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, tərəqqini və inkişafı təmin etdi. 

2003-cü ildən etibarən isə Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Ulu Öndərin ideyalarını, amallarını, vəsiyyətlərini öz fəaliyyətində əsas götürən Prezident İlham Əliyev onların böyük əksəriyyətini həyata keçirib. Azərbaycanın işğal altında olan əraziləri azad olunub, beynəlxalq aləmdə mövqelərimiz möhkəmlənib, ölkəmiz iqtisadi cəhətdən güclənərək, yalnız regionda deyil, bütün dünyada özünə layiq yeri tutub. 

Ulu Öndər Heydər Əliyev vaxtilə qətiyyətlə bəyan etmişdi: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”. Milli Qurtuluş Gününün mahiyyətini ifadə edən bu inam, bu qətiyyət bu gün Prezident İlham Əliyev həyata keçirdiyi müstəqil siyasətin əsasını təşkil edir və dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır.