YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Liderin siyasi irsi dövlətçilik konsepsiyasıdır

Saatlıda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Saatlı rayon təşkilatı iyunun 12-də rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyevin həyatı Vətənə, xalqa, dövlətə xidmət nümunəsidir” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirib ki, Azərbaycanın zəngin dövlətçilik və möhtəşəm inkişaf tarixinin ən parlaq və şərəfli dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bütün varlığını doğma xalqına xidmətə həsr edən müdrik siyasətçi və dövlət rəhbəri kimi Ulu Öndərin adı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya birliyində öz layiqli yerini tutmuşdur. O qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisini təmin edib, torpaqlarımız işğaldan azad olunub. Ölkəmiz möhtəşəm uğurlara və qələbələrə doğru inamla irəliləyir.

Tədbirdə çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov söyləyib ki, müasir müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev tarix yaradan əvəzolunmaz şəxsiyyətdir. Onun sözlərinə görə, məhz Heydər Əliyev ideyaları əsasında dövlətimizin maraqları naminə praqmatik siyasət həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Zəfər zirvəsinə yüksəlmişdir. Bu gün Azərbaycan dinamik inkişaf edən, beynəxalq müstəvidə layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir.

YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov çıxış edərək vurğulayıb ki, Ulu Öndər fəaliyyəti boyunca tarixi və siyasi ənənələrə, milli dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xoşbəxt gələcəyinə hesablanmış çox mühüm təşəbbüslər irəli sürüb, vacib addımlar atıb: “Siyasi varisliyin təmin olunması Ulu Öndərin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Belə ki, cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra dövlətçilik tariximizdə keyfiyyətcə yeni mərhələ başlandı, yeni nailiyyətlərə imza atıldı, xalq-iqtidar birliyi daha da möhkəmləndi”.

YAP Veteranlar Şurasının üzvü, Əməkdar jurnalist Tahir Məmmədov bildirib ki, Heydər Əliyev fenomeni zaman və məkan anlayışlarının fövqündədir. Onun dövlətçilik irsi və parlaq ideyaları hər zaman - bütün dövrlər üçün aktualdır. Ümummilli Liderin siyasi irsi dövlətçilik konsepsiyasıdır.

Şəhid anası Zülfiyyə Səfərova, Vətən Müharibəsi Qəhrəmanı Murad Əflətovun atası İlyas Əflətov, YAP fəalı Əhmədağa Əliyev çıxışlarında Ulu Öndərin uzaqgörən, müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın tərəqqi yolunda inamla irəlilədiyini bildirib, şanlı Zəfərimizin Heydər Əliyev siyasətinin məntiqi nəticəsi olduğunu vurğulayıblar.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman və təşəkkürnamə, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv