YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəruri tərəfdaş

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Azərbaycanın dayanıqlı iqtisadiyyata malik olması, özünü təmin edən ölkələr sırasında yer tutması, müstəqil xarici siyasət yürütməsi onu Avropa ölkələri üçün cəlbedici dövlətə çevirir.
AİB-yə üzv olan dövlətlərlə ikitərəfli və çoxtərəfli görüşlərin məntiqi nəticəsi budur ki, Prezident İlham Əliyev tərəfindən aparılmış düzgün siyasət Azərbaycanı bütün güclü dövlətlər və qlobal mərkəzlər üçün əməkdaşlıq edilməsi zəruri olan dövlətə çevirib.

Belə geniş tərkibli görüşlərdən biri də yaxın zamanlarda Litvada keçirilmişdir. Azərbaycan Prezidentinin Litvaya səfəri çərçivəsində ikinci Litva-Azərbaycan biznes forumunun açılışı olmuşdur. Təbii ki, sözügedən platformada iqtisadi sahədə yeni imkanlar qaçılmazdır. İlk belə tədbir ötən ilin mayında Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri baş tutmuşdu. Həmin səfər zamanı, eyni zamanda, ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı sənədlər imzalanmışdı. Baş tutan görüşlərin nəticəsi olaraq Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlığın daha da güclənməsi prosesinin getdiyini deyə bilərik.

Təbii ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe və zəngin enerji resursları digər Avropa dövlətləri kimi, Litvanın da marağındadır. Həmçinin indiki zamanda Qarabağda yenidənqurma və bərpa işlərində Litva şirkətlərinin fəaliyyətinin şahidi ola bilərik. Bu istiqamətdə də əməli addımların atılacağı gözlənilir. Bundan əlavə, dövlətlərimiz arasında alternativ və bərpaolunan enerji sahəsində də müəyyən işlərin görülməsi üçün potensial mövcuddur.
Litva 2006-cı ildən etibarən beynəlxalq inkişafa dair layihələrdə Azərbaycan ilə bir yerdə iştirak edir. Azərbaycan Litvanın Avropa İttifaqının Tvininq proqramı çərçivəsində tərəfdaşıdır. Həmçinin Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşıdır.

Cənab Prezidentin Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda dediyi kimi, biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Hər iki tərəfdən buna çox böyük maraq var.
Eyni zamanda, qarşılıqlı əməkdaşlıq çərçivəsində ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Bu həm də ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verəcəkdir.

Litva ilə ikitərəfli əməkdaşlıq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Statistika göstərir ki, ixrac edilən qazın həcmi ildən-ilə artır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük sərmayələr yatırılır.

Ölkələrimiz arasında hazırda təqribən 33 milyon dollar olan ticarət dövriyyəsi gələcək zamanlarda bir neçə dəfə arta bilər. Çünki buna geniş imkanlar var.

İki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür. Birgə iqtisadi komissiyanın oynadığı rol biznes dairələrinin səylərini əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və tərəfdaşlıq üçün çərçivənin yaradılmasından ibarətdir.

Ölkə başçısı çıxışında da qeyd etdiyi kimi, “Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir.” Hazırda nəqliyyat-kommunikasiya imkanlarıının genişləndirilməsi əsas prioritet məsələlərdən biridir.

Qeyd edək ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat-logistika infrastrukturu ölkəmizi çox güclü zəruri tərəfdaşa çevirir.