YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətçilik ənənələrimiz əbədi yaşayacaq

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Müstəqil dövlətçiliyə sahib olmaq Tanrının hər bir xalqa nəsib etdiyi ən böyük nemətdir. Məhz bunun uğrunda müxtəlif xalqlar minlərlə, on minlərlə qurbanlar vermiş, bəzən müstəqillik arzularına çatmış, bəzən də bu arzu onlar üçün sadəcə əlçatmaz qalmışdır. Müstəqil dövlətçiliyin formalaşdırılmasında tarixi şəxsiyyətlə­rin rolu əvəzsiz və danılmazdır. Hər bir xalq məhz öz liderinin ətrafında sıx birləşərək milli dövlətçilik ideyasını reallaşdırmağa çalışır. Heç şübhəsiz ki, Azərbaycan dövlətçiliyi haqqında danışarkən ilk növbədə göz önünə Ulu Öndər Heydər Əliyev gəlir.

Xalqımızın tarixində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda gələcək taleyimizi müəyyən edən mühüm başlanğıcların təməli qoyulmuşdur. Belə günlərdən biri də böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 1993-cü ilin 3 oktyabrıdır. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən Prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Bu, Azərbaycan xalqının öz liderinə sonsuz etimadının bariz göstəricisi idi. Ulu Öndərin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.

Ümummilli Liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində xalqımız tarixi-mədəni yaddaşını özünə qaytardı, milli mənlik şüuru inkişaf etdi. Milli məfkurəmizin əsasını təşkil edən Azərbaycançılıq ideologiyası cəmiyyə­timizdə aparıcı ideologiya oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir. Müstəqilliyimiz və dövlətçiliyimiz ötən hər gün daha da möhkəmlənir. 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu Qanun dövlətçilik ənənələrimizin əbədi yaşayacağını bir daha təsdiq edir.

Ulu Öndər Heydər Əliyev xalqımızın dövlətçilik ənənələrini hər zaman ən üst səviyyədə dəyərləndirmiş və 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsinin tarixi əhəmiyyətini son dərəcə yüksək qiymətləndirərək qeyd etmişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”