YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqının həyatında misilsiz hadisə

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 105 il ötür. 2021-ci il oktyabrın 15-də “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqlənməsindən sonra  28 May tarixini  Müstəqillik Günü kimi  qeyd edirik. 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Azərbaycanın müstəqillik tarixinin  məhz 1918-ci ildən başlandığı nəzərə alınaraq 28 May tarixinin Müstəqillik Günü kimi qeyd olunması bir zərurət kimi özünü təsdiqlədi. Eyni zamanda, bu məqamı da xüsusi qeyd etməliyik ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin yaratdığı reallıqlar bir çox tarixi hadisələrin qeyd olunduğu günlərdə düşəlişlərə böyük ehtiyacın olduğunu şərtləndirdi. Bu sırada 18 oktyabr tarixinin Müstəqilliyimizin Bərpası Günü, 28 may tarixinin isə Müstəqillik Günü kimi qeyd olunmasının vacibliyi xüsusi qeyd edildi.

105 il zaman baxımından o qədər də böyük olmasa  da  keçilən yolun zənginliyi, Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun təsdiqi  baxımından olduqca diqqətçəkən bir dövrdür. 1918-ci il mayın 28-də yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Məlum səbəblərdən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.

Azərbaycan 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illəri ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması, həmçinin həmin dövrdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının  müdafiəçisinə çevrilməsi ucbatından xaos, anarxiya dövrü kimi xarakterizə olunur. Həmin illərdə Azərbaycan  müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Həmin ağır dövrdə xalq öz xilaskarını-Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi.  Azərbaycan 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasətin nəticəsində yenidən qurularaq özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi  müstəqillik tariximizi tarixi paralellər fonunda təhlil etməyə, indiki və gələcək nəsillərə çatdırmağa, Cümhuriyyət qurucularının zəngin fəaliyyətlərinin təbliğinə geniş imkanlar yaratdı. Bu mühüm addım, eyni zamanda, Azərbaycan xalqının tarixinə sahib çıxan xalq olduğunu, hər bir səhifəsinin təbliğinə xüsusi önəm verdiyini təsdiqlədi.  Müstəqilliyimizi tarixi naliyyətimiz kimi dəyərləndirən Ümummilli Liderin  bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin  banisi Ulu Öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Ulu Öndər Heydər Əliyevin cəsarəti, müdrikliyi, onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıb. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik. Cənab İlham Əliyev daim bu çağırışı da edir ki, gənc nəsil nəyin bahasına müstəqilliyi qoruyub saxladığımızı bilməlidir.

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan tarixi Zəfərə imza atdı. 30 illik işğala 44 gündə son qoyaraq dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu bir daha sübut etdi ki, bir qarış torpağımızı  belə düşmənə vermərik. Hazırda bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfəri ilə  sübuta yetirdi.