YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionun lider dövləti

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün Azərbaycan geosiyasi və strateji mövqe baxımından regionun lider dövlətidir və öz milli dövlətçilik maraqları əsasında Beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratmaqla regionda dayanıqlı sülhün bərqərar olması üçün münbit şəraitin formalaşmasına zəmin yaratmışdır.

Cari ilin may ayının 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə sayca beşinci görüşü bölgədə sülhün təmin olunması istiqamətində növbəti addım oldu.

Xüsusilə vurğulamaq lazımdır ki, Brüssel görüşü Azərbaycan diplomatıyasının dünya siyasi arenasında növbəti parlaq uğuru və qələbəsi oldu. Ölkəmizin Beynəlxalq müstəvidə əldə etdiyi silsilə uğurlar Azərbaycanın qüdrətli dövlət olmasının bariz təzahürüdür.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin görüşlə bağlı bəyanatında da Azərbaycan ilə Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət olunması əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğu vurğulandı.  

Azərbaycan dövləti Ermənistandan fərqli olaraq hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə siyasət aparır və bölgədə sülhün təmin olunmasında maraqlı olan bir ölkədir.

Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edir və Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin qısa zamanda imzalanması bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması deməkdir.

Ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Qeyd edək ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.

Bu gün Prezident İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsi olaraq ölkəmiz bölgədə və dünyada layiqli yerini tutaraq, regional liderliyini təmin edib.