YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni diplomatik qələbəyə doğru...

Bayram Aslanov

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Prezident İlham Əliyevin postmüharibə dövründə regionda daimi sülhün əldə edilməsi naminə yürütdüyü xarici siyasət ardıcıl olaraq öz bəhrəsini verir. Belə ki, sülh müqaviləsi imzalanması üçün aparılan danışıqların dünyanın hansı ölkəsində keçirilməsindən, təklifin hansı beynəlxalq qurum tərəfindən irəli sürülməsindən asılı olmayaraq, Azərbaycan tərəfi onun baş tutması üçün əlindən gələni edir. Bu da ölkəmizin sülhpərvər olduğunu, daim regionda sülh və sabitliyin təmin olunması üçün çalışdığını bir daha sübut edir.   

Ən qürurverici fakt odur ki, bu prosesdə dövlətimizin və xalqımızın maraqlarını əsas götürən Azərbaycan Prezidenti İlham Əliyev prinsipial mövqe nümayiş etdirərək və qətiyyətli addımlar ataraq, öz hədəflərinə çatır. Bu kontekstdən çıxış edərək, demək olar ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində yürütdüyü siyasi xətt də dövlət başçısının qətiyyəti, siyasi iradəsi sayəsində uğur vəd edir.

Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində son aylarda keçirilən ikitərəfli və çoxtərəfli görüşlərdə dövlətimizin ortaya qoyduğu şərtlər də milli maraqlarımıza və döyüş meydanında qalib gələn dövlətin mövqeyinə tam uyğundur. Təbii ki, 30 ildən çox torpaqlarımızı işğal altında saxlayan, suverenliyimizə və müstəqil dövlətimizin ərazi bütövlüyünə qəsd edən Ermənistanla sülh danışıqlarına getmək nə qədər çətindirsə, indiki şəraitdə şərtləri diktə edən tərəf olmağımız o qədər geniş imkanlar yaradır. Yəni qalib dövlətin kapitulyasiya sənədi imzalamağa məcbur olan tərəflə danışıqlarda hansısa güzəştə getməsindən söhbət gedə bilməz.

Bu baxımdan, 44 günlük müharibə başa çatandan sonra məğlub dövlətlə sülh müqaviləsinin zəruruliyi, son 100 ildə vaxtaşırı ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistanla dövlət sərhədlərinin demilitasiyası və demarkasiyası, regional kommunkasiya xətlərinin açılması, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə ana vətəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması Azərbaycanın prioritet məsələlərindəndir. Sülh danışıqlarına da bu istiqamətdə məsələlərin həll olunmasını əsas götürərək gedən Azərbaycanın şərtləri, bir qədər yumşaq desək, təklifləri konkret və lakonik olub, ilkin dövrdə yalnız beynəlxalq hüquq normaları çərçivəsində daimi sülhün əldə olunması üçün Ermənistana 5 maddədən ibarət təklif verilib.

Sözsüz ki, Soçi, Praqa, Brüssel və Vaşinqtonda keçirilən görüşlərdə həmin təkliflər çərçivəsində Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində müəyyən irəliləyişlər əldə olunub. Brüsseldə keçirilən yüksəkəsəviyyəli son görüşlərdən sonra verilən bəyanatlar, Ermənistan baş nazirinin də bu günlərdə istər İrəvanda, istərsə də Reykavikdə Azərbaycanın 86,6 min kvadratmetrlik ərazi bütövlüyünü tanıdığı barədə verdiyi açıqlamalar Azərbaycanın siyasi müstəvidə əldə etdiyi növbəti uğurdur və Prezident İlham Əliyevin diplomatik qələbəyə doğru əmin addımlarla yaxınlaşmasından xəbər verir.

Düzdür, indiyə qədər keçirilən danışıqlardan və əldə edilən irəliləyişlərdən sonra Ermənistan tərəfinin vaxt qazanmaq üçün təxribatlar törədərək, sülh müqaviləsinin imzalanmasının yubanmasına səbəb olduğunu da unutmamalıyıq. Qarşı tərəf də yaddan çıxarmamalıdır ki, nə qədər təxribatlar törətsə də, qalib Azərbaycan Ordusu bütün cəhdlərə layiqincə cavab verir və bundan sonra da verəcək.

Heç şübhəsiz, Prezident İlham Əliyev sülh danışıqlarında ölkəmizin prinsipial mövqeyini ortaya qoymaqla yanaşı, Azərbaycanın öz ərazisində suveren hüquqlarının, ərazi bütövlüyünün tam təmin edilməsi üçün mühüm addımlarını davam etdirir. Ermənistanla şərti sərhəddə, Laçın dəhlizinin başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması və müvafiq strateji yüksəkliklərdə möhkəmlənərək qanunsuz nəqliyyat yollarının tam nəzarətə götürülməsi Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi.

Bu baxımdan, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsinin vacibliyi dövlətimizin əsas götürdüyü siyasi xətdir. Həmin Bəyanata uyğun olaraq, dövlətimizin daha bir mühüm tələbi sayı 10 minə qədər hesablanan və Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən Ermənistan silahlı qüvvələrinə məxsus bölmələrin, habelə qanunsuz silahlı dəstələrin tərk-silah olunması və suveren ərazilərimizi tərk etməsidir.

Sözsüz ki, Azərbaycanın diplomatik dairələri regionda təhlükəsizliyin təmin olunması baxımından olduqca ciddi olan bu məsələni daim gündəmdə saxlayır və beynəlxalqsəviyyəli görüşlərdə və tədbirlərdə həyəcan təbili çalır. Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, Azərbaycanın bu tələbini də əvvəl-axır yerinə yetirməyə məcbur qalacaq. Hələlik isə qarşıda bizi sülh danışıqlarının növbəti mərhələsi gözləyir və Azərbaycanın Brüsseldə əldə edilən sonuncu uğurdan sonra yeni diplomatik qələbə əldə edəcəyinə şübhə yoxdur.