YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh yolunda növbəti addım

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə mayın 14-də Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü sülh yolunda növbəti addımdır. Dünya birliyi Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını həlledici amil kimi dəyərləndirir. Lakin hər dəfə erməni tərəfi sülhə maraqlı olmadığını nümayiş etdirir. Mühüm diplomatik görüşlər ərəfəsində və ondan sonra sərhəddə hərbi təxribatların törədilməsi də bunu təsdiqləyir”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və paramentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat xatırladıb ki, Brüssel görüşü ərəfəsində, 11-13 may tarixlərində Ermənistan Kəlbəcər istiqamətində ordumuzun mövqelərini minaatanlardan, toplardan və digər iriçaplı silahlardan atəşə tutmuşdu. Ordumuz qarşı tərəfin cavabını layiqincə verdi. Ermənistanın hərbi təxribatlarının qarşısı alınarkən iki hərbi qulluqçumuz şəhidlik zirvəsinə yüksəldi. Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında keçirilən danışıqlar fonunda baş verməsi rəsmi İrəvanın sülh prosesində maraqlı olmadığını göstərirdi. Mayın 14-də Brüsseldə liderlərin görüşünün başa çatmasından sonra da erməni tərəfi növbəti dəfə sərhəddə təxribata əl atdı. Belə ki, həmin gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutmuşdu. Mayın 18-də isə Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində erməni tərəfi mövqelərimizə qarşı döyüş PUA-larından istifadə etməklə hərbi təxribat törədib. Bu hərbi təxribatların liderlərin Brüssel görüşündən sonra törədilməsi müəyyən suallar doğurur.

S.Fətəliyevanın fikrincə, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara,  o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Regionda sülhün təmin olunması üçün təşəbbüslər göstərən Avropa İttifaqı tərəflər arasında tezliklə sülh sazişinin imzalanmasına çalışır. Azərbaycan da bu təşəbbüsləri dəstəkləyir. Amma Fransa, dünyadakı erməni lobbisi prosesi pozmaq üçün  müxtəlif vasitələrdən istifadə edir. Ermənilərin hərbi  təxribatları  belə rəy formalaşdırmağa xidmət edir ki, guya tərəflər arasında sülh sazişi imzalamaq hələ tezdir, tərəflər buna hazır deyil, dövlətləri və xalqları sülhə hazırlamaq lazımdır və s. Yəni müxtəlif bəhanələrlə proses uzadılır. Bunun da bütün məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür. Əgər Ermənistan təxribatlarından əl çəkməsə, “dəmir yumruq” bundan sonra da öz sözünü deyəcək.

“Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənilməlidir”, - deyə Sevinc Fətəliyeva qeyd edib.