YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünəndən bu günə və gələcəyə baxış

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Tarixi Zəfərimizin mühüm, qürurverici reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara davamlı səfərləri, ölkə Prezidentinin bu məkanlardan bəyanatlar səsləndirməsi, Qarabağın döyünən ürəyi, türk dünyasının mədəniyyət paytaxtı Şuşanın iqtisadi, siyasi, diplomatik mərkəzə çevrilməsidir. Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda müzakirə edilən məsələlər bu gün də diqqətdədir. Azərbaycan daim beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Ölkəmizin təkmil inkişaf modeli, ayrı-ayrı sahələrdə malik olduğu təcrübə, həmçinin sabitlik, təhlükəsizlik məkanı kimi nüfuz qazanması beynəlxalq tədbirlərə ev sahibliyində əhəmiyyətli rol oynayır. Son iki ildən artıq dövrdə Şuşanın belə konfranslar üçün məkan seçilməsinin əhəmiyyəti daha böyükdür. Çünki bu məkanda keçirilən tədbirlər erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir. Sözügedən konfrans, eyni zamanda, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları ilə bağlı müzakirələrin aparılması, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli platforma olaraq qiymətləndirildi.

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı ölkəmizin haqlı mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı, Ermənistana və havadarlarına mesajlarını ünvanladı. Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları prosesinə diqqəti yönəldən cənab İlham Əliyev bir daha bu reallığı çatdırdı ki, Ermənistan hələ də danışıqlar masasında qeyri-konstruktiv mövqe nümayiş etdirir, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. “Beləliklə, indi nə baş verə bilər. Eyni hadisə baş verə bilər. Onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, möcüzəni, dəyişiklikləri gözləyirlər. Onlar imkanları əldən verəcəklər. Çünki otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər: “Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər. Mən erməni həmkarımla danışıqlarımda çalışıram ona izah edim ki, ilk növbədə sülh sazişi onların marağına xidmət edir. Kommunikasiyaların açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik.”

Beynəlxalq dairələr, sülh prosesinə töhfə verməyə çalışan ölkələr Ermənistana ciddi təzyiqlər göstərməlidir. Çünki əgər vasitəçilik missiyası ilə çıxış edən tərəflər Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində həqiqətən də maraqlıdırlarsa, bu zaman Ermənistanı sülhə məcbur etməlidirlər. Ermənistan rəhbərliyi sülhə gəlməzsə, bölgədə gərginlik davam edəcək.  Azərbaycanın yaratdığı yeni reallıqlar dünyanın əksər gücləri tərəfindən qəbul olunur. Ermənistan isə hər vəchlə sülh müqaviləsinin imzalanması prosesini uzatmağa çalışır. Ölkəmizin beynəlxalq aləmdə artan mövqeyi göz qabağındadır. Dövlət başçısı İlham Əliyevin Şuşadan Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə bağlı müraciəti də bütün məqamlara işıq salır. Reallıq budur ki, Azərbaycan tarixi Zəfərimizin reallıqları fonunda sabaha daha böyük inamla baxaraq yeni-yeni hədəflərə doğru addımlayır. Prezident İlham Əliyevin müraciətdə səsləndirdiyi “Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik” fikirləri keçmişdən bu günə və gələcəyə gedən yolun ümumi mənzərəsinin təqdimatıdır.