YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

100 ilin zirvəsindən Azərbaycanın təqdimatı

Vüqar Rəhimzadə

“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində formalaşan, bu gün  möhkəm təməl üzərində  möhtəşəm uğurlara imza atan Azərbaycan çoxəsrlik tarixinin Zəfər səhifəsini yazdı

“Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” Bütün mənalı ömrünü Vətənimizin işıqlı gələcəyinə, Azərbaycanın  adı çəkiləndə göz önünə qüdrətli, zəngin, müstəqil siyasəti ilə dünya birliyinin fəal üzvü olan bir dövlətin canlanmasına sərf edən, eyni zamanda, xalqına güvənən və millətindən güc alan fenomen şəxsiyyət Heydər Əliyevin özünün böyük əminliklə söylədiyi bu  fikirlərə söykənərək  keçilən yolun ümumi mənzərəsini təqdim etmək istərdik. Dövlət o zaman güclü olur, xalq o zaman gələcəyə böyük inamla baxır ki, onun  milli maraqları hər şeydən üstün tutan, dövrün, zamanın nəbzini müəyyənləşdirdiyi inkişaf strategiyası ilə  tənzimləyən Lideri vardır.  Liderliyi şərtləndirən meyarların müxtəlifliyi fonunda öncə bu məqama diqqəti yönəltmək istərdik ki, siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və bununla bağlı müəyyənləşdirdiyi uzaqgörən siyasətini həyata keçirə bilməkdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev çağdaş Azərbaycanın tarixində məhz belə bir dahi şəxsiyyət kimi ən uca məqama sahib olub. Onun dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası o qədər genişdir ki,  bu titanik işlərin miqyasını bir yazıda əhatə etmək qeyri-mümkündür.

Tənəzzüldən tərəqqiyə

Ümummilli Lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş, 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuş, 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutmuşdur. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilən Heydər Əliyev həmin vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Heydər Əliyev bu vəzifədə işləyərkən siyasi lider kimi Kreml rəhbərliyində yüksək mövqe tutmaqla yanaşı, keçmiş SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə bacarıqla rəhbərlik etmişdir.

Dahi şəxsiyyət 1969-cu ildə birinci dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi tənəzzül dövrünü yaşayırdı. Tarixi paralellər əsasında bu reallığı böyük əminliklə qeyd edirik ki, Ulu Öndərin  hakimiyyətinin hər iki dövrü, yəni, həm keçmiş İttifaqın tərkibində olan respublikamıza, həm də yenicə müstəqilliyini bərpa edən Azərbaycana rəhbərliyi mərhələləri xilaskarlıq missiyası ilə xarakterizə olunur. Belə ki, dahi rəhbərin 1969-cu ildə  birinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanın həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı dövrü başlanmışdı. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra isə özünün yüksək siyasi qabiliyyətinə, zəngin dövlətçilik təcrübəsinə, xalqın yekdil dəstəyinə arxalanaraq  Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi kataklizmlərdən xilas edərək,  canından artıq sevdiyi millətini  yenidən vahid bir məfkurə ətrafında  birləşdirdi,  hər bir azərbaycanlının  qəlbində sabaha inam hissini yaratmağı bacardı. Bütün bunların sayəsində Ulu Öndər Azərbaycanın bu günü və gələcəyi naminə  gördüyü misilsiz işlərlə Liderliyin ən uca zirvəsinə yüksəldi.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamının şəxsiyyətində  birləşməsi bəşər tarixində nadir hallarda rast gəlinən unikal  hadisədir.  Məhz müəllifi Ulu Öndər Heydər Əliyev olan azərbaycançılıq məfkurəsi mükəmməl milli ideologiya olaraq xalqımızın  birliyini və həmrəyliyini təmin etdi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi məhz Ümummilli Liderin işləyib hazırladığı təkmil konsepsiya əsasında son 30 ildə müasir müstəqil Azərbaycan dövlətinin qüdrətinin artırılmasında real siyasi amilə çevrilib. Ulu Öndər Heydər Əliyev bu çağırışı edirdi ki, Azərbaycan xalqının qəlbində milli azadlıq ruhu, müstəqillik ruhu daim yaşamışdır.

Müstəqil dövlət quruculuğuna aparan yol

Heydər Əliyevin  formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada  xüsusi yerini müəyyənləşdirdi,  milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək  dünya azərbaycanlılarının birliyi və həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Məhz bu reallıqlara söykənərək  belə bir həqiqəti də minnətdarlıq hissi ilə ifadə edirik ki,  Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində Ulu Öndərin respublikamızda birinci dəfə hakimiyyət sükanının arxasına keçdiyi 1969-cu ildən başlanmışdır. Bunu sübut etmək üçün Ulu Öndərin birinci hakimiyyəti dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. O illərdə dahi rəhbərin böyük uzaqgörənliklə atdığı addımlardan biri  gənclərin gələcəyin müstəqil ölkəsi üçün lazımi ixtisaslara yiyələnmələri məqsədilə  keçmiş İttifaqın  ən nüfuzlu ali məktəblərinə göndərilməsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi.

Xalqımızın milli varlığının təsdiqi olan Azərbaycan dilinin qorunması və inkişafına  diqqət Ümummilli Liderin birinci hakimiyyəti dövründə də xüsusi olaraq gündəmdə saxlanılmışdır. Həmin dövrdə “qırmızı imperiya”nın sərt qadağaları şəraitində  Azərbaycan dilinin dövlət dili statusunu qazanması Ulu Öndərin misilsiz səylərinin nəticəsidir. Məhz dahi şəxsiyyətin yenilməz siyasi iradəsi və qətiyyəti nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dilini respublika ərazisində dövlət dili kimi təsbit edən maddənin yer alması mümkün oldu. Bu məqamda dahi şəxsiyyətin Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımlar sırasında hərbi kadrların yetişdirilməsi məqsədilə 1971-ci ildə  Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını da qeyd etməliyik. Ümummilli Liderin, eyni zamanda, xalqın milli varlığının,  milli duyğularının, bir sözlə, azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsinə xidmət edən addımları sırasında  xalqın tarixi keçmişində iz qoymuş böyük şəxsiyyətlərin xatirəsinin abidəyə çevrilməsi də xüsusi yer tutur.  Həmin illərdə paytaxt Bakının  və respublikanın digər iri şəhərlərinin ən görkəmli yerlərində  tanınmış  tarixi şəxiyyətlərin abidələrinin ucaldılması, ev-muzeylərinin yaradılması deyilənlərin təsdiqidir.  Bir sözlə, Ümummilli Lider Heydər Əliyev bütün varlığı ilə qəlbən sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan bacarıqla istifadə etmişdir.

Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Hərtərəfli  bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik illərində deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.

Xalq ən çətin məqamda üzünü öz Xilaskarına tutdu

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etməsinə baxmayaraq müstəqilliyimizin ilk illəri çağdaş tariximizə xaos, anarxiya, özbaşınalıq dövrü kimi yazılıb. Əgər 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığını təsəvvür etmək belə çətin olardı. Xalq ən çətin məqamda üzünü Xilaskarına - Ümummilli Liderə tutdu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında geniş imkanlar açdı. 15 iyun tarixinin ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunması həmin günün dövlətimiz, xalqımız üçün önəmini qabarıq şəkildə büruzə verir. Heç də təsadüfi deyildir  ki, insanlarımız  öz həyatlarının bugünkü yüksək səviyyəsini, Azərbaycanın dünyaya səs salan davamlı uğurlarını, ölkənin gələcək inkişaf perspektivlərini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əsaslandırırlar. 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı ilə Azərbaycan dövlətçiliyinin Xilaskarı kimi xalqa qurtuluş yolunda bələdçilik edən ulu öndər Heydər Əliyev bir neçə gündən sonra, yəni iyunun 15-də yekdilliklə Azərbaycan Ali Sovetinin Sədri seçildi. 1993-cü il oktyabrın 3-də isə  xalq yekdilliklə öz tarixi  seçimini etdi və Ulu Öndər Heydər Əliyevi gənc müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Əminliklə deyə bilərik ki, xalqımızın həmin tarixi seçimi ilə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimində bildirmişdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

Ümummilli Liderin  müəllifi olduğu neft strategiyası Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi

Ulu Öndər ilk gündən sabitliyin yaradılmasının vacibliyini bildirdi və belə bir çağırışı etdi ki, sabitlik olmasa heç bir sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq olmaz. Sabitlik bütün sahələrdə inkişafın əsasıdır. 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə ictimai-siyasi sabitliyin yaradılmasında əhəmiyyətli rol oynadı. Bu mühüm addım elə həmin ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Dünya təcrübəsinə istinadən  bu reallıq  qeyd edildi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir dövlət təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində, beynəlxalq arenada etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol  oynadı.  Ümummilli Liderin  müəllifi olduğu neft strategiyasının  əsas tərkib hissələrindən olan, çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi istiqamətində addımlar atıldı.  Ümummilli Lider bildirirdi ki, neft  Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Onun böyük uzaqgörənliklə 1999-cu ildə yaratdığı Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilk gündən etibarən neft gəlirlərinin  xərclənməsində şəffaflığı yüksək səviyyədə təmin edir. Ümumilikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondu beynəlxalq səviyyədə şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilir. Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını şərtləndirir.

Demokratik, hüquqi dövlət quruculuğu

Ümummilli Lider iqtisadi və siyasi islahatların vəhdətinin qorunmasını qarşıya əsas hədəf kimi qoydu. Azərbaycan ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühüm addımlar atdı. Ümummilli Lider demokratik cəmiyətin varlığını təsdiqləyən bütün atributların bərqərar olmasına - insan hüquqlarının qorunmasına, müstəqil, azad mətbuatın formalaşdırılmasına, çoxpartiyalı sistemin yaradılmasına,  demokratik,  beynəlxalq standartlara cavab verən seçkilərin keçirilməsinə və sair kimi demokratik dəyərlərin qorunmasına xüsusi diqqət yönəltdi. Ölkəmizdə demokratik təsisatların formalaşıb inkişaf etməsi üçün  normal şərait yaradıldı.

Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması oldu.  Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Ümummilli Lider demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak edərək onların 91,9 faizi Konstitusiyanın qəbulunun lehinə səs verdi. 1995-ci il noyabrın 27-də müstəqil dövlətimizin Əsas Qanunu qüvvəyə mindi. Bununla da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda ölkənin siyasi və hüquq sistemində müsbət mənada əsaslı dəyişikliklərə möhkəm zəmin yaradıldı. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı. Bu ali məqsədə xidmət edən məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölkədə ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Ümummilli Lider Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.

Düşünülmüş və gələcəyə hesablanmış xarici siyasət

Dahi şəxsiyyətin fəaliyyətinin əsas istiqamətlərindən biri də  Azərbaycanın beynəlxalq aləmdə tanıdılması idi. O, müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən aparıcı dövlətlər, o cümlədən region ölkələri ilə  ikitərəfli və çoxtərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın qurulmasını, inkişaf etdirilməsini vacib amillər kimi səciyyələndirdi. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq ölkəmizin xarici siyasətdə  uğursuzluqlarına səbəb olmuşdu. İşğalçı Ermənistanın və xaricdəki erməni diasporunun ölkəmizin ətrafında yaratdığı informasiya blokadası ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı  “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişinin  tətbiqinə səbəb olmuşdu. Məqsəd Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək, asılı vəziyyətə salmaq idi. Azərbaycan 1992-2001-ci illərdə bu əsassız düzəlişin tətbiqi şəraitində yaşadı.  Amma Ermənistanın və erməni diasporunun  planlarının əksinə olaraq Azərbaycan iqtisadi cəhətdən daha da inkişaf etdi, uğurları ilə dünyanın diqqətində oldu. 2001-ci ilin sentyabrında  ABŞ-da baş verən terror aktı ABŞ hökumətinin xarici siyasətində dəyişiklik etməsini bir zərurətə çevirdi. Belə ki, Azərbaycana qarşı xarici siyasətində dəyişiklik edən ABŞ Administrasiyası  907-ci düzəlişin ədalətsizliyini təsdiqlədi, onun fəaliyyətinin bir il müddətinə  dondurulması barədə qərar qəbul etdi. Bu düzəlişin  birdəfəlik ləğvi bugünədək problemə çevrilsə də, bir illik   dondurulması ilə bağlı qəbul edilən  qərar hər il yenidən təsdiqlənir.

Təhlildən göründüyü kimi, Ümummilli Liderin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu  möhkəmləndi, dünya birliyinin fəal üzvü kimi söz sahibliyi irəli sürdüyü təşəbbüslərdə, qəbul edilən qərarlarda öz təsdini tapdı.

Azərbaycançılıq ideologiyasının müəllifi

Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin əsasında dayanan ən vacib amillərdən biri xalqın tarixi yaddaşının özünə qaytarılması idi. O, azərbaycançılıq ideologiyasının təkmilləşdirilməsini bütün dövrlərdə qarşıya əsas vəzifə kimi qoyurdu. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Lider hələ fəaliyyətinin Naxçıvan mərhələsində kimliyimizin təqdimatına xidmət edən addımları ilə diqqətdə olmuşdu. Belə ki,  Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı.  Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabr ayının 16-da hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi haqqında qərar qəbul etmişdir. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra diaspor quruculuğu dövlət siyaətinin əsas tərkib hissəsinə çevrildi. 2001-ci ildə Ümummilli Liderin Sərəncamına uyğun olaraq noyabrın 9-10 tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Ondan sonrakı dövrlərdə hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayları keçirilərək soydaşlarımızın birliyinin və həmrəyliyinin daha da möhkəmləndirilməsinə xidmət edən addımlar atıldı, təşəbbüslər irəli sürüldü.

Atılan bütün addımlar bir məqsədə xidmət edirdi - Azərbaycan daha da qüdrətlənsin, onun beynəlxalq nüfuzu, iqtisadi qüdrəti artsın, müstəqilliyimizin qarantı olan ordumuzda peşəkarlıq, döyüş ruhu yüksəlsin. Ümummilli Lider bu çağırışı edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Məhz müstəqilliyimizin bərpasının ilk illərində nizami ordunun olmamasının nəticəsi idi ki, torpaqlarımız işğal edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.  Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Orduda fərarilik baş alıb gedirdi.

Ordu quruculuğunun əsası qoyuldu

Ulu Öndər Heydər Əliyevin hələ Sovet dönəmində - 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi Liseyin yaradılmasına nail olundu. Müstəqilliyin ilk illərində mövcud olan, ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi.  Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.  Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük İkinci Qarabağ  müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Dirçəliş, tərəqqi dövrü

Ümumilikdə, 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, tərəqqi dövrü kimi daxil olub. Bu illərdə dahi şəxsiyyətin yaratdığı möhkəm təməl Azərbaycanın bugünkü uğurlarını təmin etdi. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan beynəlxalq arenada tanınan nüfuzlu bir dövlətə çevrildi, dünyaya Günəş kimi doğdu. Ümummilli Lider 1993-cü ildə Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu çətin günləri keçib gedəcəyimizi, hər kəsin belə qüdrətli dövlətin vətəndaşı olması ilə qürur duyacağını böyük əminliklə qeyd etmişdi. Dahi şəxsiyyətin hər bir vədi kimi, bu sözləri də  reallıqda öz əksini tapdı.  Bu gün sonsuz fəxrlə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.

Ulu Öndər bu gün cəmiyyətimizin avanqard siyasi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasının yaradıcısıdır

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu gün artıq cəmiyyətin avanqard siyasi  qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratmaqla dünənin, bu günün və sabahın partiyasını yaratdı. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıldı.  Azərbaycanın taleyini düşünən, xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalı  ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək Ümummilli Lider  Heydər Əliyevə müraciət etdilər. Dahi şəxsiyyətin  bu müraciətə cavabı Azərbaycanın bugünkü inkişafının əsası oldu. Məhz bu reallıqlara söykənərək Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının 2021-ci ildə keçirilən Zəfər ruhlu VII Qurultayında bildirmişdir: “Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox…  O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.” Dövlət başçısı belə bir əminliyi də ifadə etdi ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkədə gedən bütün proseslərin mərkəzində olacaq. 1992-ci ildə “Yeni Azərbaycan uğrunda!” devizi ilə fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları əsasında keçirdiyi VII qurultayında qəbul etdiyi yeni Nizamnaməyə, həmçinin YAP-ın Sədri, dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq  müasir dövrün çağırışlarını özündə əks etdirən və 2021-ci ilin sonunda təsdiqlənən yeni Proqramına uyğun olaraq “Biz birlikdə güclüyük!” çağırışını edir.

Təbii ki, yuxarıda qeyd etdiyim kimi, bir yazı çərçivəsində Ümummilli Liderin  dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərini  əhatə etmək qeyri-mümkündür. Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciəti Azərbaycanın  böyük Zəfərə gedən yolunun başlanğıcı oldu. Ümummilli Lider həmin müraciətdə bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycana möhtəşəm uğurlar qazandırır

2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev qarşıda dayanan vəzifələri açıqlayaraq belə bir çağırışı səsləndirdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün  ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir: “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”

Hər bir vədini konkret əməli işi ilə təsdiqləməsi cənab İlham Əliyevin  növbəti dövrlərdə - 2008, 2013 və 2018-ci illər prezident seçkilərində qələbəsinin təmin edilməsində  əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyevin təkmil islahatları, yeniliyə əsaslanan siyasəti bu gün Azərbaycana möhtəşəm uğurlar qazandırır. 2003-cü ildə başlanan və 2020-ci ilin sentyabrına qədər olan dövrü əhatə edən Böyük Yolun davamı, eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq, Vətən müharibəsindəki  tarixi Zəfərimizdən sonrakı mərhələ isə  bərpa-quruculuq missiyası kimi də xarakterizə edilir. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, millətimizin birliyi sayəsində torpaqlarımızın işğaldan azad edilməsi qaçılmazdır. Ümummilli Liderin 2003-cü ildə xalqa inamın növbəti ünvanını özündə ehtiva edən müraciətində də cənab İlham Əliyevə böyük inam və etimad ifadə olunurdu. Dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması idi. Ümummilli Lider Heydər Əliyev arzusunu belə ifadə etmişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik.”

Tarixi Zəfərin memarı

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Dünya hərb tarixinə yeni səhifə yazan Ordumuz nəyə qadir olduğunu  bir daha nümayiş etdirdi. Bu möhtəşəm Qələbəmiz ermənilərin uzun illər ərzində yaratdıqları mifləri dağıtdı. Dünya bir daha gördü ki,  güclü, qüdrətli ordu Azərbaycan Ordusudur. Yenilməz, məğrur, qurucu xalq Azərbaycan xalqıdır. Prezident İlham Əliyev  adını tarixə Zəfərimizin memarı kimi qızıl hərflərlə yazdırmaqla  Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğrultdu. Bundan keçirdiyi xoşbəxtlik hissini Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edildiyi gün xalqımıza müraciətində belə ifadə etmişdir:  “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Artıq iki ildən çoxdur ki, azad Qarabağda və azad Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara hər bir səfərləri tarixi hadisə kimi dəyərləndirilir.  Möhtərəm Prezidentimiz bu məkanlardan Ermənistana və işğalçının havadarlarına daim  bu mesajı ünvanlayır: “Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu.”

Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və Onun arzusu gerçəkləşdi

Bu gün Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşa iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Artıq bu unikal şəhərdə “Xarıbülbül” musiqi festivalı, həmçinin Vaqif Poeziya Günləri ənənəsi bərpa edilib. Mayın 3-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən və ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans  dahi şəxsiyyətin  düşünülmüş və məqsədyönlü siyasətinin uğurlarına işıq saldı.  Şuşadan gələcəklə bağlı hədəflərimiz dünyaya bəyan edildi.  Dövlət başçısı İlham Əliyevin  və birinci xanım Mehriban Əliyevanın  Ümummilli Liderin 100 illiyi ərəfəsində işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərləri də özündə mühüm məqamları ehtiva edir.

Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ənənəvi  “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.  Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər. Mayın 12-də isə “Şuşa- Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq.

 Göründüyü kimi, Şuşa azaddır, dirçəlir və qonaqlarını qarşılamaqla sevincli anlarını yaşayır. Dövlət başçısı İlham Əliyev  mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransdakı çıxışında böyük qürur hissi ilə bildirmişdir:  “Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Biz bununla fəxr edirik, biz buna sevinirik. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir. Bütün dünya azərbaycanlıları bizim Qələbəmizlə qürur duyurlar. Bu, ədalətin, tarixi ədalətin bərpa olunmasının, beynəlxalq hüququn qələbəsi idi.”

Heydər Əliyev Fondu Ulu Öndərin irsinin təbliği missiyasını uğurla yerinə yetirir

Heydər Əliyev irsinin təbliği missiyasını uğurla həyata keçirən Heydər Əliyev Fondunun ötən dövr ərzində çoxşaxəli fəaliyyəti ölkə, həmçinin dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Fondun Ümummilli Liderin qarşıya qoyduğu azərbaycançılıq ideologiyasının təbliği istiqamətində gördüyü işlərin miqyası olduqca genişdir. Hazırkı dövrdə Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrimizin bərpasına öz dəstəyini göstərir.

İdarəçilik sistemində təkmilləşmə zamanın tələbidir

Son illərin uğurları sırasında idarəçilik sistemində təkmilləşmənin həyata keçirilməsini xüsusi qeyd etməliyik. Zamanın tələblərinə uyğun olaraq vitse-prezidentlik institutunun yaradılması, 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə   Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi  ölkəmizin həyatında yeni bir mərhələnin  əsası kimi dəyərləndirildi. Bu gün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri əsasında Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan möhtəşəm uğurlara imza ataraq yeni-yeni hədəflərə doğru inamla addımlayır.

Heydər Əliyev siyasətinin təntənəsi kimi dəyərləndirilən möhtəşəm uğurlarımızın miqyası bundan sonra daha da genişlənəcək, dahi şəxsiyyətin şah əsəri olan müasir müstəqil Azərbaycan çoxəsrlik tarixinin  səhifələrini daha da zənginləşdirəcək.