YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gəncliyinin qarşısında böyük və məsuliyyətli hədəflər

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini 

Müasir və müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümündə onun əziz xatirəsini dərin hörmət, sədaqət və ehtiramla yad edirik. Həyatını xalqının müstəqil, firavan yaşaması üçün həsr etmiş Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi və silinməz duyğularla yaşayır. 

Bu gün özünü azərbaycanlı hesab edən hərkəs bu milli kimliyin banisi - onun müəllifi Ulu Öndər Heydər Əliyevin yolunu Azərbaycanı işıqlı sabaha aparan müqəddəs istinadgah kimi görür. Dünyada bir çox güclü dövlətlərə nəzər yetirdikdə onların cəmiyyətlərində milli şüurun formalaşması, inkişafın çoxəsrlik tarixə dayanan ənənələrin qorunub saxlanılması və onların əsasında milli hədəflərə nail olunması müşahidə olunur. Müasir Azərbaycanın da tarixində bizim bütün dünyagörüşümüz məhz Ulu Öndər Heydər Əliyevin bizə yəni gələcək nəsillərə miras qoyduğu Azərbaycançılıq məfkurəsi əsasında formalaşır və formalaşacaqdır. Bu məfkurə tarixdən toplanılan təcrübələr əsasında xalqın milli maraqlarını, dövlətin qüdrətini geriyə dönüşü olmayan səhvlərə yol vermədən təmin etməyi diqtə edir. 

Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü Azərbaycan gəncliyi qarşısında böyük və məsuliyyətli hədəflər müəyyənləşdirir. İlk olaraq bilməliyik ki, Ulu Öndər Heydər Əliyev əsrlər boyu müstəqil ola bilməyən Azərbaycan xalqının milli təfəkkürünü imperialist təsirlərdən qoruyaraq müstəqil dövlət qurmaq ideyasına kökləmişdir. Ulu Öndər Heydər Əliyevin dühası hələ tarix boyu tədqiqatçılar tərəfindən daha dərin şəkildə araşdırılacaq. Gənclik yaşından gələcəkdə bir gün Azərbaycanın müstəqil olmasına inanan Ulu Öndər Heydər Əliyev Azərbaycan SSR-də rəhbər vəzifələr tutmağa başlayandan hətta xırda bir məsələdə istiqaməti məhz gələcək müstəqillik üçün kökləyirdi.

Ulu Öndər Heydər Əliyev  sanki xalqın üzərinə özünü sipər edərək bütün zərbələri dəf edirdi. Təbii ki, bunu bilən, anlayan qüvvələr Ulu Öndəri bu yoldan döndərmək üçün, onu xalqdan ayrı salmaq üçün hər vasitəyə əl atırdılar. Ola bilər ki, Azərbaycan xalqı 1982-ci ildən sonra Ulu Öndərin birbaşa rəhbərliyindən kənarda qaldı ancaq, bütün bunlar xalqın qəlbindəki Ulu Öndər Heydər Əliyev sevgisini söndürə bilmədi. Müstəqilliyimizə qədər ki, son illər və müstəqilliyimizin ilk illəri xalqımız üçün ağrılı və faciəli olsa da xalq yeganə çıxış yolunu Ulu Öndər Heydər Əliyevi təkidlə hakimiyyətə gətirməkdə gördü. Başqa cür ola da bilməzdi. Azərbaycan xalqı tarixi müdrik addım ataraq parlaq gələcək üçün müstəqil və qüdrətli Azərbaycanın möhkəm təməlini əsasını qoymuş oldu. Ulu Öndər cəmi 10 il ərzində - həyatının yetdiyi qədər Azərbaycanı dirçəltdi və gənc nəsilə onu yalnız inkişaf etdirmək, möhkəmləndirmək arzusu ilə miras qoydu. 

Ulu Öndər Heydər Əliyevin dünyamızdan ayrılmasının 17-ci ildönümündə Azərbaycanın ərazi bütövlüyü əbədi olaraq təmin olundu. Prezident İlham Əliyev ata vəsiyyətinə sadiq qalaraq Ulu Öndər Heydər Əliyevin yolunu getməklə xalqı bir yumruq şəkilində öz ətrafında birləşdirib torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu gün Qarabağın qəlbi sayılan Şuşada və digər ərazilərdə sürətli bərpa-quruculuq işləri gedir. Azərbaycan bu günə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi altında, onun böyük zəhmət sayəsində hər gün əməli addımlarla əsrə bərabər inkişaf yolu keçdi. Bu məhz Ulu Öndər Heydər Əliyevin arzuladığı və gördüyü Azərbaycandır. 

Müasir Azərbaycanı gələcək əsrlər boyu yaşatmaq üçün Ulu Öndər Heydər Əliyev yolu gələcək nəsillərin qanına qədər hopmalıdır. Biz gənc nəsil Ulu Öndərin tarixi mirasını dərindən təhlil edərək yaddaşımıza həkk etməli və gələcək nəsillərə onların da unutmayacağı qaydada qavramaları üçün var gücümüzlə çalışmalıyıq.