YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbəni qalib xalq kimi qeyd edirik

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Artıq xalqımız üçüncü ildir ki, faşizm üzərində qələbəni qalib kimi qeyd edir. Azərbaycan özünün 44 günlük Vətən müharibəsindən sonra dünyada və regionda yeni reallıqlar yaradıb. Xalqımız bu dəfə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində böyük bir qələbə qazanıb. Tarixən öz döyüşkənliyi, cəsurluğu, igidliyi və qorxmazlığı ilə seçilən bu xalq öz tarixinin səhifəsində bir çox qələbələrə imza atıb. Amma 44 günlük Vətən Müharibəsilə qazanılan zəfər ölkənin tarixinə ən parlaq qələbə kimi həkk olunub.

İkinci dünya müharibəsində qələbənin qazanılmasında Azərbaycanın böyük rolu olub. Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub. Xalqımız bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Müharibədə qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Cəbhəyə gedən 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını qazanıb. Danılmaz faktır ki, müharibə dövründə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə ölkəmizdə böyük işlər aparılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib. Beləliklə qazanılan qələbədə Azərbaycanın xüsusi rolu vardır.

Azərbaycanda müharibə qəhrəmanlarına ən yüksək qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi haqqında deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”.

Ümummilli Liderimizin müharibə qəhrəmanlarına verdiyi bu cür yüksək dəyər gənc nəsildə hərbi vətənpərvərlik ruhunu daha da yüksəldirdi.

Bu ənənə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildi. Ölkə Prezidenti İlham Əliyev 1941-1945-ci illər müharibəsinə öz münasibətini bildirərkən Azərbaycanda müharibə iştirakçılarının xüsusi statusa malik olduqlarını bildirib: “Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik”. Dövlət başçısının bu cür hümanist və qaygı ilə müharibə veteranlarına münasibət bildirməsi bu kateqoriyadan olan insanlara dövlət qaygısını ehtiva edir.