YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaddaşlardan silinməyəcək

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

XX əsr dünya tarixinin yaddaşına çox mühüm elmi kəşflər, ixtiralar və digər nailiyyətlərlə yanaşı, bəşəriyyəti fəlakətə sürükləyən, dəhşətə gətirən İkinci Dünya müharibəsi ilə də həkk olunmuşdur. İkinci Dünya müharibəsi 2194 gün davam etmiş və 55 milyondan çox insanın ölümünə səbəb olmuşdur. Bu isə Birinci Dünya müharibəsində həlak olanlardan 5 dəfə çox idi.

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 78 il keçir. Amansız müharibə 50 milyondan çox insanın ömrünə son qoymuş, minlərlə şəhər, qəsəbə və kənd viran edilmiş, xarabazara çevrilmişdi. Bəşər tarixində ən dəhşətli savaşlardan olan bu müharibədə şanlı Qələbənin qazanılmasına Azərbaycan xalqı da böyük töhfələr vermişdir.

İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də faşist Almaniyasının Polşaya hücumu ilə başlamışdır. Buna cavab olaraq Polşanın müstəqilliyi və ərazi bütövlüyünə rəsmi sənədlə zəmanət vermiş İngiltərə və Fransa hökumətləri sentyabrın 3-də Almaniyaya müharibə elan etdilər.

1940-cı il sentyabrın 27-də Almaniya-İtaliya-Yaponiya arasında “üçlük paktı” imzalanmışdır. Bu pakt hərbi əməliyyatların sonrakı qanlı axarını müəyyən etmişdir.

İkinci Dünya müharibəsi illərində faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının xidməti və rolu böyük olmuşdur. Müharibə illərində neft sənayesi naziri olmuş Nikolay Baybakovun sözlərinə görə, “faşizm üzərində Qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir”.

Müharibə başlanandan sonra Azərbaycanda da gənclərin orduda xidmətə çağırılması işi gücləndirilmişdi. Lakin kənd məktəblərində müəllim kadrları çatışmadığı üçün SSRİ Xalq Müdafiə Komissarı Kliment Voroşilovun göstərişinə əsasən müəllimlərin orduda xidmətə çağırılmasına müvəqqəti möhlət verilmişdi. 1939-cu il noyabrın sonunda başlanmış SSRİ-Finlandiya müharibəsi uzandığı üçün kənd məktəbləri müəllimlərinə verilmiş möhlət də ləğv edildi və onları 1939-cu ilin oktyabr-dekabr aylarında hərbi xidmətə çağırdılar.

SSRİ tərkibində olan digər respublikaların xalqları kimi, 600 min nəfər Azərbaycan vətəndaşı da cəbhəyə yollanaraq faşizmə qarşı döyüşmüşdür. Müharibənin birinci üç günündə Azərbaycandan ordu sıralarına 40 mindən çox oğlan və qız yola düşmüşdür. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmiş, 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradılmışdır. 1941-42-ci illərdə respublikada 1 milyon nəfər hərbi təlim proqramını öyrənmişdi.

Azərbaycanlıların döyüş rəşadəti çox şərəfli olmuşdur. Azərbaycanlı döyüşçülər Zaqafqaziya cəbhəsindən Berlinədək qanlı-qadalı döyüş yolu keçmişlər. Zaqafqaziya cəbhəsində döyüşənlər arasında 66,1 min nəfər azərbaycanlı vardı. Mozdok rayonunda döyüşən 223-cü, 402-ci və 416-cı milli Azərbaycan diviziyaları 44-cü ordunun əsas zərbə qüvvəsi idi.

416-cı milli Azərbaycan diviziyası Berlinə ilk hücum edən 6 diviziyadan biri olmuşdu. Bu diviziya Reyxstaqın 150 metrliyində yerləşən Brandenburq darvazasının üzərində müharibənin qələbə bayrağını ucaltmışdır. Əsasən, azərbaycanlılardan ibarət 416-cı və 77-ci diviziyalardan 16 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, “Armed Mişel” (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və yüksək fəxri adı — “Fransanın Milli Qəhrəmanı”, şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu. 

Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. Həmçinin hərbi əsir düşərgələrində olan sovet əsirlərinin qaçmasına köməklik etmişdir. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.

Ümumiyyətlə, 1941-1945-ci illər müharibəsində ön cəbhədə və arxada Azərbaycanın 150 mindən çox övladı orden və medallarla təltif olunmuşdur.

Sovet İttifaqının rəhbərliyi Bakının və bütün Azərbaycanın müharibə illərində strateji əhəmiyyətini nəzərə alaraq müvafiq göstərişlər vermişdi. Azərbaycanın və xüsusilə Bakının müdafiəsinə, müəyyən ərazilərdə səngərlərin qazılmasına hələ 1941-ci ilin iyulunda başlanmışdı və bu iş davam edirdi. Dövlət Müdafiə Komitəsinin 1942-ci il 16 sentyabr tarixli qərarına əsasən Bakı ətrafında müdafiə-istehkam xətləri tikintisi işində hər gün 90 min nəfər səfərbər olunmuşdu. Dağıstan tərəfindən faşist ordusu hücumlarına qarşı Baş Qafqaz aşırımları zonası olan Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ rayonlarında da müdafiə-istehkam xətləri tikilirdi.

Bu müharibədə almanların məğlubiyyəti Moskva ətrafındakı döyüşlərdən başlandı və həmin döyüşlərdə faşistlər 500 mindən çox əsgər və zabitini, çoxlu hərbi texnikasını itirmişdi. 

Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərmiş, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışmışdır. Böyük Qələbəyə neft Bakısının töhfəsi əvəzsiz olmuşdur. Müharibə illərində Sovet İttifaqında çıxarılan neftin 70 faizini Azərbaycan verirdi. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Əgər Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətin olardı. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaqdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdır. “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”- deyən, Ulu Öndər daim müharibə veteranlarına xüsusi diqqət göstərirdi.

Ulu öndərimizin bu siyasəti Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Cənab Prezidentin veteranlar haqqında dediyi “Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik”-fikri onlara göstərilən ehtiramdır, qayğıdır.

Qələbə bayramı ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsi bu qayğının bariz nümunəsidir.