YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstan parlamentində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Qırğız Respublikasının parlamentində (Joqorku Keneş) Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Konfransda Qırğızıstan parlamentinin sədr müavini Nurbek Sıdıqaliev, parlamentin deputatları İskender Matraimov, Arslanbek Maliev, Tazabek İkramov, Çingiz Aydarbekov, dövlət katibi Süyünbek Kasmambetov, Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev, Qırğızıstan parlamentinin sabiq sədri Mədətxan Şerimkulov, Azərbaycan Milli Məclisinin deputatları Musa Quliyev, Cavanşir Feyziyev, Türkmənistan, Rusiya, Belarus, Özbəkistan və Qazaxıstanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfirləri, Azərbaycan diasporunun nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirin moderatoru Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında müstəsna xidmətlərindən danışıb. Heydər Əliyevin xatirəsinə göstərilən yüksək ehtirama görə qırğız xalqına, Prezident Sadır Japarova, hökumətə və parlamentə minnətdarlığını bildirib.

Konfransda çıxış edən Qırğızıstan parlamentinin sədr müavini Nurbek Sıdıqaliev ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan bəhs edib, onun Qırğızıstan-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi istiqamətində xidmətlərini qeyd edib. O bildirib ki, bu il Qırğızıstanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Nurbek Sıdıqaliev konfransın ikitərəfli münasibətlərin və parlamentlərarası əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə edib.

Sonra dövlət katibi Süyünbek Kasmambetov Qırğız Respublikasının Prezidenti Sadır Japarovun konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə Azərbaycan və qırğız xalqlarının ortaq mədəniyyət, din və çoxəsrlik ənənələrə malik olduqları qeyd edilib. Heydər Əliyevin məşhur qırğız yazıçısı Çingiz Aytmatov ilə yaxın dost olduğu və qırğız xalqının Ümummilli Liderin xatirəsinə böyük ehtiram göstərdiyi xüsusi vurğulanıb.

Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev, Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri İskender Matraimov, Təhlükəsizlik Şurasının katibi Marat İmankulov, xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev, Qırğızıstan parlamentinin sabiq sədri Mədətxan Şerimkulov və səfirlər Azərbaycanın dövlətçilik tarixində, müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun artmasında ulu öndər Heydər Əliyevin rolundan danışıblar. Qırğızıstan parlamentinin sabiq sədri Mədətxan Şerimkulov Ümummilli Lider ilə görüşlərini məmnunluqla xatırlayıb. O qeyd edib ki, “məhz bu masa arxasında Heydər Əliyevin sədrliyi ilə hər iki tərəfin iştirakı ilə 1994-cü ildə Qarabağda müharibəni dayandıran Bişkek protokolu imzalanıb”.

Sonra Milli Məclisin deputatı Cavanşir Feyziyevin qırğız dilində “Türk dünyası” adlı beşcildlik kitabının təqdimatı olub.

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.

Qeyd edək ki,  ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans Qırğızıstanın “Veçerni Bişkek” qəzetində, “Ala-Too 24” telekanalında, Rusiyanın “Mir-24” telekanalında, Türkiyənin “TRT AVAZ” telekanalında və digər kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

http://kenesh.kg/ru/news/show/13943/v-zhogorku-keneshe-proshla-konferentsiya-posvyashtennaya-100-letiyu-so-dnya-rozhdeniya-obshtenatsionalynogo-lidera-azerbaydzhana-geydara-alieva

https://www.youtube.com/watch?v=COGirhfWPe4&ab_channel=%D0%90%D0%BB%D0%B0-%D0%A2%D0%BE%D0%BE24

https://www.youtube.com/watch?v=COGirhfWPe4&ab_channel=%D0%90%D0%BB%D0%B0-%D0%A2%D0%BE%D0%BE24

https://www.trtavaz.com.tr/haber/tur/avrasyadan/azerbaycanin-ulusal-lideri-haydar-aliyev-dogumunun-100-yilinda-kirgizistan-par/644138aa01a30a376c6f773e

https://mir24.tv/news/16549661/konferenciya-posvyashchennaya-100-letiyu-geidara-alieva-proshla-v-bishkeke