YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bişkekdə Ümummilli Liderin 100 illik yubileyinə həsr edilmiş sərgi keçirilib

Bişkek şəhərinin Milli Tarix Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan boyaları” adlı sərgi keçirilib.

Sərgidə ulu öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əhatə edən fotoşəkillər təqdim olunub. Fotoşəkillər Ümummilli Liderin ölkəmizə rəhbərliyinin bütün dövlərini əhatə edib.

Sərginin açılışında Qırğızıstan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələri, deputatlar, müxtəlif ölkələrin səfirləri və ölkənin tanınmış simaları, eyni zamanda, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Musa Quliyev və Cavanşir Feyziyev iştirak ediblər.

Tədbirdə Qırğız Respublikasının xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev və Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev çıxış ediblər.

Sərgidə Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov çıxış edərək müasir Azərbaycanın dövlət quruculuğunda Heydər Əliyevin rolunun müstəsna əhəmiyyətini qeyd edib. “Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan Ermənistanın təcavüzünə məruz qalmışdı. Məhz ulu öndər Heydər Əliyev o zaman deyirdi ki, biz işğalla barışmayacağıq. Heydər Əliyev buna inanırdı və onun rəhbərliyi ilə görülən işlər Azərbaycanın tarixi Qələbəsinin təməllərini formalaşdırdı”. 

Fövqəladə və səlahiyyətli səfir söyləyib ki, Heydər Əliyev hər zaman yaradıcı insanları dəstəkləyirdi, çünki bilirdi ki, məhz Azərbaycanı bu insanlar dünyada təmsil edir. Ona görə də biz Heydər Əliyevin 100 illik yubileyini sərgi təşkil etməklə qeyd etmək qərarına gəldik”, - deyə səfir bildirib.

Qeyd edək ki, sərgidə azərbaycanlı rəssam Nailə Qəndilovanın da rəsm əsərləri nümayiş olunub. Nailə Qəndilova bildirib ki, bu sərgi Qırğız xalqında Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı geniş təsəvvür yaratmağa kömək edəcək.