YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tariximizdə silinməz izlər

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini ikinci dəfə bəyan edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Xalqın və dövlətin taleyi həll olunduğu, ölkənin mövcudiyyətinin sual altında qaldığı belə bir ağır zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Dövlətçilik tariximizdə silinməz izlər qoymuş, bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini qədirbilən xalqımız həmişə uca tutur və minnətdarlıqla anır. Ulu Öndərin yenidən hakimiyyətə gəldiyi 15 iyun günü Azərbaycan Respublikasında dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edilir. 1993-cü ilin oktyabr ayında xalqımız böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində belə deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Məhz bu tarixi gündən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Qeyd olunmalıdır ki, Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qanun qəbul olunub. Böyük dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Dövlət Bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olundu, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edildi. Ulu Öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında üçrəngli bayrağımız dövlət rəmzi kimi təsbit edilib.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də əlbəttə ki, müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər bu barədə belə demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.

Bu məqamı da xüsusi qeyd etmək lazımdır ki, yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamış, ölkəmizin beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Ulu Öndər Heydər Əliyevin hələ sovet dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 2020-ci ildə sübuta yetirmişdir. Ümummilli  Lider Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Ulu Öndərin ən layiqli davamçısı olan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsi oldu. Xalq-iqtidar birliyi 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizi, ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etmiş oldu.

Ulu Öndərin siyasi kursunu Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirmişdir. Azərbaycanın iqtisadi rəqabət qabiliyyətinə görə ildən-ilə dünyada nüfuzlu ölkə kimi məqamının yüksəlməsi, MDB məkanında isə birinci yerdə qərarlaşması buna ən təkzibolunmaz sübutlardan biridir. Günümüzün reallıqları bir daha bunu deməyə əsas verir ki, Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası Azərbaycanı parlaq gələcəyinə qovuşduracaq yeganə doğru yoldur. Məhz bütün bunlara görə Ümummilli Liderimizin əziz xatirəsi əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacaq. Bu il, may ayının 10-da bütün xalqımız, bütün dünya azərbaycanlıları Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə Heydər Əliyev İli elan olunmuşdur. Dövlət başçısı tərəfindən imzalanmış Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının nurunda qədəm qoymuşdur. Bu nur əsrlər boyunca Azərbaycanın möhtəşəm qələbələrə, böyük uğurlara doğru uzanan yollarını işıqlandıracaq.