YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqına və dövlətinə xidmət nümunəsi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlər, misilsiz xidmətləri yalnız “Heydər Əliyev İli” çərçivəsində deyil, hər zaman  geniş təhlil olunur, gənc nəslə çatdırılır. Azərbaycanın bu günü üçün dahi şəxsiyyət Heydər Əliyevə borcluyuq. Reallıq budur ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığı sual altında olardı.

Ümummilli Lider Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında və sair kimi keyfiyyətlərində  idi. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ümummilli Lider  Heydər Əliyev müstəqilliyi,   dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.

Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ümummilli Lider  Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Dahi şəxsiyyət bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Hakimiyyətinin hər iki dövrü xalqına, dövlətinə xidmət nümunəsidir. Hər zaman Azərbaycanı zirvələrdə görmək istəyi biri-birindən əhəmiyyətli addımlarına stimul olmuşdu. Ulu Öndərin hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini görərək atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Gələcəyimiz kimi dəyərləndirdiyi gənclərin elmin sirlərinə dərindən yiyələnmələri üçün keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsini, hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasını, Azərbaycan dilinin dövlət dili statusu qazanmasını xüsusi qeyd etməliyik. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra gənclərə diqqət və qayğı, onların dövlət idarəçiliyinə irəli çəkilməsi həyata keçirilən siyasətin əsas tərkib hissəsinə çevrildi.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir. Ümummilli Liderin  formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə dahi şəxsiyyət  Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Ümummilli Lider ilk gündən bu çağırışı etdi ki, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal, əqidə-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir. Məhz bu birliyimiz, həmrəyliyimiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, dahi şəxsiyyət Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. Azərbaycan biri-birindən möhtəşəm uğurları ilə dünyaya Günəş kimi doğdu. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın dalğalanması gücümüzün, qüdrətimizin, eyni zamanda, xalqımızın yenilməzliyinin, məğrurluğunun, öz tarixinə, mədəniyyətinə, torpağına sahib çıxmasının təqdimatıdır. Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır və bu yol bundan sonra da ölkəmizə zəfərlər qazandıracaq.