YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın aydın və perspektivli inkişaf yolu

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Ümummilli liderimiz Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O bildirib ki, milli-mənəvi dəyərlərini qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaqdır. Çünki milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Bu mənada yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın aydın və perspektivli inkişaf yolu ola bilər.

Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına, gənc nəslin sağlam mənəvi ruhda tərbiyəsinə qayğı göstərilməsinin zəruriliyini vurğulayaraq demişdir: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.... Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik.”

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu müdrik ifadələr də Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.

Ədəbiyyata məhəbbət Heydər Əliyev siyasətinin ən dəyərli tərkib hissələrindən biri idi. O, klassik bədii irsimizin dünya şöhrəti qazanması naminə bu irsi yaradanların yubileylərinin təntənəli tarixi hadisə kimi qeyd olunmasına həssaslıqla yanaşır, böyük önəm verirdi. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə dahi Nizaminin 840, Nəsiminin 600, M.F.Axundovun 170, böyük romantik, filosof şairi H.Cavidin 100 illik yubileyləri keçirilmişdir. "Kitabi Dədə-Qorqud"un 1300 illiyi, M.Füzulinin 500 illiyi ilə bağlı milli istiqlal məfkurəsi işığında keçirilən möhtəşəm tədbirlər, Heydər Əliyev epoxasının mədəniyyət üzrə zirvə məqamları Azərbaycan Prezidentinin milli-mənəvi keçmişə məhəbbət və ehtiramının, xalqın gələcəyinə inamının tarixi ifadəsidir.

Bu bir həqiqətdir ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində ən yüksək  fəxri adlara layiq görülmüşlər. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Ulu Öndərin mədəniyyət məsələləri ilə bağlı hər çıxışı həmin sahənin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir.

Heydər  Əliyev  milli-mənəvi  dəyərlərimizin  öyrənilməsini,  qorunub  saxlanmasını  və  inkişaf  etdirilməsini  əsas vəzifələrdən  biri  kimi  irəli  sürürdü.  Bunlarsız  millət  yoxdur. Bunları  qoruyub  saxlamış  xalq  isə  həmişə  müstəqillik  yolu  ilə getmək, müstəqilliyini qorumaq əzmindədir.   “...Hər  bir  azərbaycanlı  öz  milli  mənsubiyyətinə  görə qürur  hissi  keçirməlidir  və  biz  Azərbaycançılığı  -  Azərbaycan dilini,  mədəniyyətini,  milli-mənəvi  dəyərlərini,  adət-ənənələrini yaşatmalıyıq” - deyən Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya  kimi  irəli  sürür,  mədəniyyətimizi,  mənəvi  dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin  mühüm  atributu  kimi  dəyərləndirirdi. Ümummilli lider nəinki bu konsepsiyanı yaratdı,  həm  də  çox  böyük  ustalıqla,  səbr  və  təmkinlə  həyata keçirdi.  “Mən  fəxr  edirəm  ki,  azərbaycanlıyam!”-  deyən  ulu öndər  bütün  həyatı  boyu  mənəvi-əxlaqi  və  dini  dəyərlərimizin, adət-ənənələrimizin  keşiyində  durdu.

Bu bir danılmaz faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər çox yaxşı bilirdi ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən, qədim tarixə malik olan və min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ana dilimiz ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Ulu Öndər Azərbaycan dilinin zənginliyinə yüksək qiymət verərək demişdir: "Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, Ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanmasında az da olsa öz xidmətini göstərmişdir. Xüsusən, bizim yazıçılarımız, ədəbiyyatçılarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. Bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər böyük söz ehtiyatına malikdir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Heydər Əliyev kursunu uğurla davam etdirir. Dövlət başçımız İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar respublikamızda bu sahələrin müasir dünya standartlarına uyğunlaşmasında böyük rol oynamışdır. "Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqdır", - deyən, cənab Prezident xalqın milli xüsusiyyətlərinin və milli dəyərlərinin dünyada yayılmasında ədəbiyyatın və mədəniyyətin böyük rolunu xüsusi qeyd etmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fenomenal adı və əzəmətli əməlləri tarix bizdən uzaqlaşdıqca daha da möhtəşəm təsir bağışlayır. Çünki bütün varlığı ilə xalqına, milli-mənəvi dəyərlərə söykənərək bu dəyərləri inkişaf etdirən şəxs özü də zaman keçdikcə xalqın milli dəyərinə, qiymətli sərvətinə çevrilir.