YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər uğurla inkişaf etməkdədir

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən Azərbaycan bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Əməkdaşlığın inkişafına böyük önəm verdiyimiz ölkələrdən biri də Bolqarıstandır.

Azərbaycan-Bolqarıstan münasibətləri uğurla inkişaf etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 25-də bu ölkəyə işgüzar səfəri qarşılıqlı əlaqələrin sürətlə inkişaf etdiyini göstərir. Ölkələrimiz arasında məhsuldar münasibətlərin, yüksək həmrəyliyin və strateji tərəfdaşlığın təmin edilməsi məqsədini daşıyan liderlərimizin uzaqgörən siyasəti və yorulmaz səyləri nəticəsində bu gün Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşması reallığa çevrilir.

Səfər çərçivəsində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bildirdi ki, bu Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Dövlət başçısı  qeyd etdi ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.

Azərbaycanın uğurlu enerji siyasəti Bolqarıstan üçün də faydalıdır. Yunanıstan-Bolqarıstan interkonnektoru bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək. Enerji şirkəti arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Mərasimdə çıxış edən Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanın təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşı olduğunu vurğuladı. Dövlət başçısı bu hadisəni Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqələndirdi. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Bolqarıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və davamlı inkişaf edir.

Azərbaycan fəal enerji diplomatiyasını davam etdirərək, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Avrasiyanın enerji xəritəsini yenidən cızır.