YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın çox böyük gələcəyi var

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycan yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə daim dünyanın diqqət mərkəzində olub. İllər keçdikcə bu maraq müxtəlif formalarda diqqəti çəkir. Belə ki, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdur. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin və normal biznes mühitinin yaradılması bu tərəddüdləri aradan qaldırdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji sekorunda yeni mərhələnin əsası qoyuldu. Ölkəmizə investisiya axını sürətləndi, iqtisadi imkanlarımız artdı. Böyük iqtisadi potensiala malik ölkə kimi beynəlxalq aləmdə Azərbaycana maraq günbəgün artır. Azərbaycanın Avropa dövlətləri ilə əməkdaşlığında enerji sektoru əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin uğurlu siyasəti ölkəmizi regionda böyük enerji mərkəzinə çevirib. Bu sahədə ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır, Azərbaycan qazının Avropa bazarına ixrac coğrafiyası daha da genişlənir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu artıran Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak etdi - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya.  Geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Dövlət başçısı İlham Əliyev 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində belə bir əminliyi də ifadə etmişdir ki, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır: “Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır.”

Azərbaycanın irəli sürdüyü hər bir təşəbbüs daim reallığa çevrilir. Cənub Qaz Dəhlizinin belə qollarından biri olan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) artıq reallıqdır. Ötən il Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi.  Azərbaycanın uğurlu enerji siyasəti Bolqarıstan üçün də faydalıdır. Yunanıstan-Bolqarıstan interkonnektoru bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək.

Prezident İlham Əliyevin bu ölkəyə işgüzar səfəri çərçivəsində aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması bir daha iki ölkə arasında əlaqələrin dünəninə və gələcəyinə işıq saldı. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bolqarıstan Prezidenti Rumen Radev isə Azərbaycanın təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşı olduğunu vurğuladı.

Azərbaycan dünyaya xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən azsaylı ölkələrdən biridir. Statistik rəqəmlərə diqqət yetirək.  2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. İki il əvvəl isə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bütün bunlar onu deməyə əsas verir ki, enerji sahəsində əməkdaşlıq Azərbaycanın Avropa üçün önəmini əhəmiyyətli dərəcədə artırır. Azərbaycanın uğurlu enerji siyasəti yeni əməkdaşlıq formatları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasını şərtləndirir.

DİGƏR Xəbərlər Arxiv