YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Times of Israel”: Bu gün Azərbaycan Cənubi Qafqazın güclü və qüdrətli müstəqil dövlətidir

ABŞ-da çıxan nüfuzlu “The Times of Israel” qəzetində İsrail-Azərbaycan əməkdaşlığının tarixi və perspektivləri barədə məqalə dərc olunub. Bu məqalə, həmçinin Azərbaycan-İsrail əməkdaşlığına şübhə ilə yanaşan bəzi ermənipərəst amerikalı ekspertlərə tutarlı cavabdır. Məqalənin müəllifi beynəlxalq münasibətlər sahəsində tanınmış İsrail eksperti, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdur.

Müəllifin fikrincə, Kristofer Atamyanın bu yaxınlarda ABŞ-ın “Forward” nəşrində dərc olunmuş İsrail ilə Azərbaycanın strateji alyansı haqqında məqaləsi belə bir faktı təsdiq edir ki, müəllifin müasir beynəlxalq münasibətlərin real vəziyyəti, Azərbaycan ilə yəhudi xalqlarının qarşılıqlı münasibətlərinin tarixi barədə, demək olar, heç bir təsəvvürü yoxdur.

İsrailli ekspert yazır: “Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibətləri yoxdur”.

A.Qutun fikrincə, yəhudi icmasının Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı tarixində mühüm rol oynadığını Azərbaycanın hüdudlarından kənarda və dünyada nisbətən az adam, yaxud yəhudi icması bilir.

Məqalə müəllifi vurğulayır ki, Azərbaycan-İsrail münasibətləri müsbət strateji tərəfdaşlıq xarakteri daşıyır.

İsrailin Ermənistanla münasibətlərinin yetərincə soyuq olması daha bir mühüm faktdır. Rəsmi Təl-Əviv ardıcıl surətdə və daim Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bildirir.

Azərbaycan rəhbərliyinin ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeşliklə və mehribanlıqla yanaşdığını vurğulayan Arye Qut İsrail vətəndaşı kimi qürurla qeyd edir: “Prezident və birinci xanımın himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycanda ilk yəhudi muzeyinin yaradılması planlaşdırılır. Bu, həm də Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadığı yeganə və özünəməxsus bir yerdir. Bura Azərbaycanın əsl qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayır, özlərini doğma qardaş kimi hiss edirlər. Onları ümumi tale birləşdirir və təsadüfi deyil ki, erməni daşnakları 1918-1919-cu illərin faciəli hadisələri zamanı Azərbaycanın şəhərlərində qanlı qırğın törətdikləri bir vaxtda azərbaycanlılarla bərabər, 3 mindən çox yəhudi həlak olub”.

Arye Qut qeyd edir ki, Prezident İlham Əliyev Azərbaycanda yəhudilərin azadlığına və tolerantlığına göstərilən qayğıya görə İsrail cəmiyyətində haqlı olaraq dərin hörmət qazanıb.

Müəllifin gəldiyi qənaət budur: “İsrail və Azərbaycan arasında münasibətləri müsəlman azərbaycanlılar və Azərbaycan yəhudilərinin sadəcə qarşılıqlı marağı ilə izah etmək olmaz. Ümumi dəyərlər və ümumi tarix müasir münasibətlərə də öz təsirini göstərir. Hər iki tərəf sıx insani əlaqələri və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qərarı ilə zənginləşir”.

 

DİGƏR Xəbərlər Arxiv