YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Timsah göz yaşları, yaxud tilsim artıq qırılıb!

Hər il 24 aprel ərəfəsində dünya ictimaiyyəti ermənilərin siyasi şousuna şahidlik edir. Qondarma "erməni soyqırımı" məsələsi yenidən gündəmə gətirilir, erməni lobbisi və millətçiləri "məzlum xalq" obrazı ilə təzminat istəyini və ərazi iddialarını təkrarlayır, tarixi siyasilərin dili ilə saxtalaşdırmağa çalışırlar. Bəzi dövlətlər, o cümlədən güc mərkəzləri isə bu məsələdən beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmlənən Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə etməyə cəhd göstərirlər. 

Mif, yoxsa həqiqət?

Türkiyə bu məsələnin araşdırılmasının siyasilərin deyil, tarixçilərin işi olduğunu dəfələrlə bəyan və ifadə edib. Ankara arxivlərin açılmasını, komissiyanın yaradılmasını təklif etsə də, Ermənistan bunu qəbul etməyib. Çünki ermənilər bilirlər ki, qondarma soyqırımı iddialarının tarixi və hüquqi əsasları yoxdur. Apardığı tədqiqatların nəticələrini obyektiv ifadə edən tarixçilər qeyd edirlər ki, 1915-ci il 24 aprel tarixi məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlıdır, soyqırımına məruz qalan tərəf isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan türklərdir. Ümumiyyətlə, tarixin müxtəlif dövrlərində baş verən hadisələrə diqqət yetirdikdə əsl soyqırımının məhz ermənilər tərəfindən Azərbaycan xalqına və türklərə qarşı törədildiyi tam aşkar olur. Dünya ictimaiyyəti 108 il əvvəl baş verdiyi iddia olunan qondarma məsələyə diqqət yetirmək əvəzinə, 31 il öncə törədilmiş Xocalı soyqırımına nəzər salmalıdır. Çünki Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımıları ilə bir sırada dayanır. Bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu əksini tapıb. ABŞ-ın 30-dan çox ştatının icra və qanunvericilik orqanları isə Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib. 

Ermənilərin uydurma iddialarına siyasi məzmun verməyə çalışan qüvvələr yaxşı bilirlər ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir. Faciənin beynəlxalq hüquq normalarına əsasən dəyərləndirilməsi bunu deməyə əsas və imkan verir. Nəzər yetirək:  BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən, Xocalıda törədilmiş kütləvi qətliam məhz soyqırımıdır. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib ki, bu, müvafiq konvensiyalara əsasən hərbi cinayət kimi xarakterizə olunur. Azad dəhliz barədə məlumatın Xocalı əhalisinin çoxuna çatdırılmaması da beynəlxalq humanitar hüququn konvensiyalarına ziddir. Konkret olaraq Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin II, III, V, IX, XVII maddələrinə ziddir. Eyni zamanda, Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Nəhayət, BMT-nin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına əsasən, soyqırımını törədənlər milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar. Bir sözlə, faciəni törədənlər mütləq ədalət mühakiməsinə cəlb olunmalı, layiqli cəzalarını almalıdırlar. Nəzərdən qaçırmaq olmaz ki, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan Xocalı soyqırımında iştirak ediblər və cəzasız qalıblar. 

İkili standartlara rəğmən...

Doğrudur, ikili standartlar ermənilərin saxta təbliğatına və qeyri-qanuni hərəkətlərinə rəvac verir. Amma bu gün timsah göz yaşları axıdan ermənilərin və öz geopolitik maraqları üçün bu siyasi şouya dəstək verənlərin siyasi tamaşa yaratmaq cəhdləri artıq nəticə vermir. Ötən il ABŞ prezidenti Co Baydenin ciddi tarixi-siyasi səhvə yol verərək “soyqırımı” ifadəsini işlətməsi tarixin kobud surətdə təhrif olunması ilə yanaşı, ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına zidd idi. Ermənistan isə bundan heç nə qazanmadı. Ona görə dərk etməlidirlər ki, artıq bu mövzu ətrafında ajiotaj yaratmaq faydasız və mənasızdır.
 Başqa bir məqama diqqət yetirək: Fransa prezidenti Makron Ukraynanın Buça şəhərində baş vermiş faciəni “soyqırımı” adlandırmaqdan imtina etdi. O bildirdi ki, “soyqırımı faktına siyasətçilər yox, hüquqşünaslar qiymət verməlidirlər”. Əgər belədirsə, qondarma problemə - uydurma “erməni soyqırımı” məsələsinə də yanaşma bu cür olmalıdır. Həmin hadisələrə yalnız  tarixçilər qiymət verməlidirlər. Tarix isə mifi, yalanı istisna və inkar edir.