YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həyata keçirilən islahatlar...

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Prezident İlham Əliyev mütəmadi olaraq Azərbaycanın bütün regionlarında səfərlərdə olur, görülən işlərlə yerində şəxsən tanış olaraq tövsiyə və tapşırıqlarını verir. Prezidentin regionlara səfərləri bir daha göstərir ki, ölkənin regionlarında vəziyyət, insanların problemlərinin həlli dövlətimizin başçısı üçün prioritet məsələdir. Bu səfərlərdən bir də aprelin 18-də Salyan rayonuna oldu.

Şəhərdə görülən işlərlə tanışlıq zamanı Prezident İlham Əliyev sakinlərlə görüşüb, onların qayğıları və problemləri ilə maraqlandı. Ölkənin hər yerində olduğu kimi, Salyanda da mövcud problemlərin aradan qaldırılması üçün görülən tədbirlərdən və nəzərdə tutulan proqram və layihələrdən danışdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm işlər görülüb. Bu sahədə aparılan davamlı islahatlar sayəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti və səviyyəsi də yüksəlib. Bu istiqamətdə görülən işlər vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır. O cümlədən Salyan rayonunda 3,94 hektar sahədə inşa edilən, tikililərin ümumi sahəsi 16 min 472 kvadratmetr olan Doğum Evini və Uşaq Poliklinikasını misal çəkmək olar. Prezident səfər zamanı Salyan Rayon Mərkəzi Xəstəxanasında da oldu və 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə yaxından tanış oldu. Xəstəxana müasir tələblərə cavab verən Rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rentgen və rəqəmsal stasionar exokardioqraf cihazı ilə təchiz olunub.

Səfər zamanı daha bir önəmli məqamlardan biri də cənab Prezidentin “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etməsi və Mərkəzin işə salınması ilə yadda qaldı.

Son illərdə Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar xüsusi vurğulanmalıdır. "ASAN xidmət" mərkəzlərinin yaradılması da bu islahatların tərkib hissəsidir. Bu mərkəzlər dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Prezident İlham Əliyev Salyan şəhərində “Asan xidmət” Mərkəzinin açılışında iştirak etdi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi”, Azərbaycan Respublikasının ilk yubiley medalı, həmçinin "ASAN xidmət" kollektivi adından qurumun 10 illiyinə həsr olunmuş və ABAD tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olundu.

Uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar – bütün bunlar onu göstərir ki, cənab Prezidentimizin sayəsində ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur.

Səfər zamanı Prezident İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda da genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinin həyata keçirildiyindən, həmin ərazilərdə böyük dirçəliş dövrü başlandığından bəhs etdi.

İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir.

Artıq icra olunmuş iki layihə bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağalı və Talış kəndlərində. Bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur.

İnanırıq ki, qısa zaman ərzində Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma işləri yüksək səviyyədə yekunlaşacaq və cənab Prezidentimizin səfərləri, yeni mərkəzlərin, yaşayış komplekslərinin, təhsil ocaqlarının açılış mərasimləri həmin bölgələrdə təşkil olunacaq.