YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu siyasətin əyani göstəricisi

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Aprelin 18-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfərləri ölkəmizdə sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsinin növbəti əyani göstəricisidir. Azərbaycan Televiziyasına müsahibəsində 2004-cü ildən etibarən sayca dördüncüsü icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində genişmiqyaslı işlərin aparıldığını bildirən Prezident İlham Əliyev bu işlərin davam etdirildiyini qeyd etdi.

Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman 29 yanvar 2019-cu il tarixində Prezident İlham Əliyev tərəfindən imzalanıb. 2004-2018-ci illərdə Dövlət Proqramlarının göstəricilərinə nəzər yetirdikdə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. 2 milyondan çox iş yeri açılmaqla işsizlik 5 faizə, yoxsulluq isə 5,1 faizə enmişdir. Bu rəqəmlər ölkəmizin regionlarında sosial-iqtisadi inkişafın təmin edilməsi üçün həyata keçirilmiş proqramların xüsusi əhəmiyyət kəsb etdiyini bildirir.

Prezident İlham Əliyevin bölgələrə səfərləri hər zaman Dövlət Proqramının icrasının sürətləndirilməsinə xüsusi təkan vermişdir. Neftçala və Salyan rayonlarına səfər çərçivəsində Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanışlıq, Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışı, Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı, Salyanda “ASAN xidmət” mərkəzinin açılışı ölkəmizin qüdrətli sosial-iqtisadi potensialını nümayiş etdirir. Hər ölkə müharibədən sonra belə güclü iqtisadi profilə malik olmur.

Vətən müharibəsinin bitməsindən cəmi 2 il yarım müddət keçməsinə baxmayaraq, eyni zamanda pandemiya dövrünün qlobal iqtisadi çətinliklərinə baxmayaraq ölkəmizdə heç bir sosial-iqtisadi proqram təxirə salınmamışdır. 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılaraq “urbisid”ə məruz qalmış torpaqlarımızda bu gün artıq şəhər, rayon, kənd və qəsəbələr öz sakinlərini qəbul etməyə hazırlaşır. Qarabağ və Şərqi Zəngəzurda geniş miqyaslı bərpa və quruculuq işlərinin aparılması müasir Azərbaycanın inşasının təsviridir. Artıq Ağalı və Talış kəndlərində sakinlərimiz yaşayır. Bu ilin ortasında isə 700 ailənin Laçına yerləşdirilməsi üçün hazırlıq işləri görülür.

Beləliklə dövlət həm regionların sosial-iqtisadi inkişafını təmin edir, eyni zamanda işğaldan azad edilən ərazilərimizin yenidən qurulmasını həyata keçirir. Qüdrətli iqtisadi potensial tələb edən bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır.