YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı və güclü...

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qoyuldu. Ümummilli Lider ordunun qüdrətli olmasına diqqət yönəltdi. Dahi şəxsiyyət bildirirdi ki, etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.

Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, elmi əsaslarla davam etdirildi, ordu siyasi təsirlərdən xilas edildi. Ulu öndər Heydər Əliyev ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırdı. Bu çağırışı etdi ki, ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.

Bütün fəaliyyətində xalqa güvənən, xalqın etimadına arxalanan ümummilli lider Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu xalqın bir hissəsi bilirdi və əmin idi ki, xalqın orduya belə münasibəti, xalqın ordunu qayğı ilə əhatələməsi ordunun inkişafının və möhkəmlənməsinin əsas şərtlərindən biri oldu. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Bu tarix hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ulu öndər Heydər Əliyev hər şeydən əvvəl ordu quruculuğuna dövlət rəhbərliyini təmin edərək bu prosesi dövlətin müstəsna səlahiyyətləri səviyyəsinə qaldırdı. Ordunu siyasətdən kənarlaşdıraraq ölkə Konstitusiyasından irəli gələn vəzifələrə xidmət göstərməsini təmin etdi, ordunun formalaşmasını, təşkilatlanmasını və təchizatını qəbul edilmiş qanunlarla normalaşdırdı, orduda vahid komandanlığın praktiki əsaslarını yaradaraq idarəetmə strukturlarına qarşı məsuliyyəti ciddiləşdirdi. Ordu quruculuğunu dövlət quruculuğunun digər sahələri ilə üzvü şəkildə əlaqələndirdi. Ordu dövlətin gündəlik qayğısı ilə əhatə olundu, tələbatları vaxtlı-vaxtında ödənildi. Bu istiqamətdə dövlətin bütün orqanlarının cavabdehliyi artırıldı. Dövlətin və xalqın mənafelərinə cavab verən hərbi siyasət müəyyənləşdirildi ki, bununla da ordu quruculuğunun vəzifələri, onların icra yolları konkretləşdirildi, dövlətin yetərli müdafiə qabiliyyətinin yaradılması üçün əməli addımlar atıldı.

Bu gün Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Xalqın orduya doğma münasibəti, xalqın ordunu qayğı ilə əhatə etməsi daha da möhkəmlənib. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Ən əsası 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tariximizin Zəfər səhifəsi yazılaraq Ümummilli Liderin ən böyük arzusu reallığa çevrildi. Bu gün dünya ekspertləri Azərbaycanın müharibə taktikasını öyrənir. Vətən müharibəsi Prezident-Ordu-Xalq birliyinin dünyaya təqdimatı oldu. Hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız bu birliyi, həmrəyliyi 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirərək “Dəmir yumruq” tarixi Zəfərimizin rəmzinə çevrildi. Azərbaycan Ordusu hər bir təxribatın qarşısını qətiyyətlə almaq gücündədir.